Çin Azərbaycana humanitar minatəmizləmə əməliyyatlarında yardım göstərməyə və azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli töhfə verməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Çin Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq quraraq Azərbaycanın Qarabağ bölgəsinin bərpasına dəstəyini nümayiş etdirib.
"Çin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək verir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra şirkətlərimiz bəzi rayonlarda rabitə şəbəkələrinin qurulmasında iştirak edib. COP29 zamanı “Energy China” şirkəti və Azərbaycan tərəfi Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıblar ki, bu da Çinin Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji zonası"nın yaradılmasına töhfəsi olacaq", - D.Tao qeyd edib.
Diplomat vurğulayıb ki, Azərbaycan hökumətinin ölkənin inkişafına dair strategiyasını dəstəkləyən Çin Azərbaycan cəmiyyətinin inkişafına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə daha çox töhfə verməyə hazırdır.
"Çin ölkədə sənayenin inkişafına və məşğulluğun artırılmasına kömək məqsədilə Azərbaycanla ticari-iqtisadi və investisiya əməkdaşlığını fəal şəkildə həyata keçirməklə yanaşı, uzun illərdir Heydər Əliyev Fondu ilə birlikdə müxtəlif sosial layihələr reallaşdırır", - o əlavə edib.