Belə hüznlü, faciəli məqamlarda fürsətçilik etməməliyik. Baş vermiş ağır faciəli hadisənin səbəblərini ağlasığmaz istiqamətlərə yozmaq, siyasi motivlər axtarmaq lazım deyil. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri hələ tam məlum deyil. Hələlik sadəcə, ilkin versiyalar, təxmini ehtimallar barədə danışmaq olar. Məlum olan bir həqiqət var ki, pilotlar bu qəzanı önləmək və ya mümkün xəsarətləri minimallaşdırmaq üçün əllərindən gələn hər şeyi ediblər, son ana qədər mübarizə aparıblar. Videogörüntülər də təsdiqləyir ki, pilotlar təyyarənin təhlükəsiz qəza enişinə nail olmaq üçün maksimum səy göstəriblər. Bir sözlə, pilotların kritik anda həqiqətən də yüksək peşəkarlıq nümayiş etdirmələri və qəzanın qarşısını almaq, sərnişinlərin həyatını xilas etmək üçün son ana qədər mübarizə aparmaqları göz önündədir. Səbəb nə olur-olsun, pilotlar əllərindən gələni ediblər.
Ancaq təəssüf ki, bəzi psevdo-"ekspert"lər, "hərşeyşünas"lar yenə iş başındadır. Onlar qəzanın real səbəbləri barədə əlaqədar rəsmi qurumların müvafiq açıqlamalarını gözləmədən, cürbəcür fantastik versiyalar irəli sürərək ictimai rəydə çaşqınlıq, anlaşılmazlıq yaradır və hətta pilotları quruya deyil, suya eniş etməməkdə ittiham edirlər. Aydındır ki, bu cür böyük miqyaslı fövqəladə vəziyyətlərdə dərhal yüzdə-yüz dəqiq rəy vermək, konkret səbəbləri açıqlamaq mümkünsüzdür. Və bu da danılmaz həqiqətdir ki, heç bir ölkə bu cür texnogen qəzalardan sığortalanmayıb. İstənilən ölkədə bu cür ağır aviaqəzalar baş verir. Ona görə də AZAL şirkətinə məxsus məlum təyyarənin havanın pisləşməsi ucbatındanmı, yoxsa hər hansı başqa bir səbəbdən istiqamətini dəyişməsini və Aktau hava limanı yaxınlığında qəzaya uğramasını sensasiyalı səbəblərlə əlaqələndirməyə tələsməməliyik. İndi sensasiya axtarmaq vaxtı deyil. Qəza ilə bağlı təcili müşavirə keçirən Prezident İlham Əliyev də vurğuladı ki, "qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır".
Qəzanın səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Eyni zamanda, Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Ölkə ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq. Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrini də diqqətdə saxlayacaq, qəza qurbanlarının ailələrinə yardım ediləcək. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib.
Bu ağır qəza hamımızı sarsıdıb. İndi hamımız həmrəylik nümayiş etdirməliyik, qəza qurbanlarının ailələrinin dərdinə şərik olmalıyıq. Kimlərinsə bu faciənin acısını yaşamaq əvəzinə, "günah keçisi" axtarmasına və ya əlaqəsiz ittihamlarla çıxış etməsinə ehtiyac yoxdur. Qəzada həlak olanların yaxınlarının acısı bütün xalqımızın acısıdır. Həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, onların yaxınlarına, doğmalarına səbir diləyirəm. Başın sağ olsun, Azərbaycan!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri