"Tramp nə demək istəyir? Bu sualı indi çoxları öz-özünə düşünür. 12 gün sonra inaqurasiyası olacaq ABŞ-ın 47-ci prezidenti komandasında görmək istəyi şəxsləri elan etməklə öz xarici siyasət konturlarını biruzə verdi".
Newscenter.az xəbər verir ki, bunları politoloq İlyas Hüseynov səsləndirib. O deyib ki, Donald Tramp Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətindən sonra, Danimarkaya məxsus Qrenlandiyanı da özünə birləşdirmək istəyi onun imperiya ideyalarını reallaşdırmaq məqsədlərindən xəbər verir:
"45-ci prezidentlik dövründə "təcridçi" siyasət yürüdən Tramp belə görünür ki, buraxdığı səhvlərdən həm nəticə çıxarır, həm də adını tarixə yazdırmaq istəyir.
Məğlubiyyətə rəğmən növbəti seçkilərdə qalib gələn Tramp siyasəti səriştəsini ortaya qoymaq əzmindədir. Tramp və Mask anlayır ki, beynəlxalq hüquq tamamilə iflas edib, onu düzəltməkdənsə yaranan fürsətdən istifadə etmək lazımdır.
Qeyd edim ki, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı qətnamə artıq hazırdır. Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasını tələb edən qətnamə qəbul edilsə, buxta 180 gün ərzində bütün federal xəritələrdə və sənədlərdə "Amerika Körfəzi" olaraq göstəriləcək. Analoji addım Panama kanalı ilə bağlı da atılacaq".
Politoloq deyib ki, Trampın Qrenlandiyanı ilhaq etmək cəhdi təhlükəlidir və beynəlxalq hüququ pozur:
"Danimarkanın "Ritzau" informasiya agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, danimarkalıların demək olar ki, 90%-i Qrenlandiyanın ABŞ-a verilməsinə qarşıdır.
Böyük Amerika - Tramp Kanadanın bütün ərazisini (Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsi) özündə birləşdirən ABŞ-ın xəritəsini də paylaşıb. Əvvəlcə Trampın qeydləri trollinq kimi qəbul olunsa da, məsələnin ciddiliyi Kanadanın Baş naziri Castin Trüdo rəsmi olaraq istefa verməsi ilə öz təsdiqini tapır. Onun sözlərinə görə partiya yeni lider seçdikdən sonra partiya lideri və baş nazir vəzifəsindən istefa vermək niyyətindədir.
Bütün bunlar göstərir ki, ABŞ-nin yeni prezidenti dövründə müharibələrin dayanması gözlənilsə də, tam əksinin işartıları hiss olunur".
Anar Əliyev