Keçən il Qazaxıstanda mütəşəkkil cinayətkar qruplaşmalarla bağlı 20, transmilli qruplarla bağlı 1 ibtidai araşdırma başlanıb. 42 maliyyə piramidası məhv edilib, fırıldaqçılıq sxemlərini reklam edən 15 minə yaxın sayt və hesab bloklanıb,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin sədri Janat Elimanov məlumat verib.
O bildirib ki, 2023-2025-ci illər üçün Kompleks Planın icrası kölgə iqtisadiyyatının səviyyəsini 1,3 faiz azaltmağa imkan verib.
O cümlədən, agentlik 1312 cinayət işinin istintaqını yekunlaşdırıb və nəticədə 236,8 milyard tenge məbləğində ziyan ödənilib. Cinayət yolu ilə əldə edilmiş 152,3 milyard tenge gəliri müsadirə edilib.
Bundan başqa, sosial şəbəkələrdə 41 onlayn qumar saytı, 30 yeraltı qumar zalı, kazino və bukmeker kontoru ifşa edilib. 11,7 mindən çox onlayn kazino saytına giriş bloklanıb.
Agentliyin əməkdaşları tərəfindən 120 milyard tenge əsassız büdcə xərclərinin, qanunsuz kriptovalyuta vasitəsilə cinayət gəlirlərinin leqallaşdırılması üzrə 36 cəhdin qarşısı alınıb.
Mehman Mehdiyev