SOCAR-ın Türkiyədəki "Bursagaz" və "Kayserigaz" qazpaylayıcı şirkətlərini satması ilə bağlı dəqiq səbəblər ictimaiyyətə açıqlanmasa da bəzi ehtimallar irəli sürmək olar.
Adətən belə qərarların qəbul edilməsinə şirkətin strateji planları, investisiya prioritetləri, müxtəlif siyasi səbəblər və bazar şərtləri kimi müxtəlif amillər səbəb olur.
Odur ki, SOCAR-ın bu qərarında beş amil istisna deyil.
Birincisi, SOCAR əsas fəaliyyət sahələrinə daha çox diqqət yetirmək və ya digər layihələrə investisiya etmək istəyə bilər.
İkincisi, bu satışlar SOCAR-ın aktivlərindən likvidlik əldə etmək və yaxud da borc öhdəliklərini azaltmaq üçün bundannistifadə edə bilər. Bazar qiymətlərinin yüksək olduğu dövrlərdə aktivlərin satışı, şirkətə daha əlverişli maliyyə şərtləri təmin edə bilər.
Üçüncüsü, SOCAR-ın qazpaylayıcı şirkətlərini satmasında siyasi səbəblərin də rol oynaya biləcəyi ehtimalı var. Belə qərarlar yalnız iqtisadi və maliyyə motivləri ilə deyil, həm də regional və beynəlxalq siyasi kontekstlə də əlaqədar ola bilər. Məsələn, SOCAR Türkiyədə ən böyük xarici investor kimi strateji tərəfdaşıdır. Qazpaylayıcı şirkətlərin satışı, Türkiyə hökumətinin enerji bazarında milli nəzarəti artırmaq istəyi ilə əlaqədar ola bilər. Bu cür addımlar Türkiyə-SOCAR münasibətlərində siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə saxlanılmasına yönəlik bir razılaşma ola bilər.
Dördüncü bir faktor kimi isə SOCAR digər regionlarda, məsələn, Mərkəzi Asiya bazarlarında daha geniş enerji layihələrinə diqqət yetirmək istəyini qeyd etmək olar. Bu, Azərbaycanın enerji strategiyasının bir hissəsi kimi daha prioritet bazarlarda təsir gücünü artırmaq məqsədi güdə bilər.
Beşinci ehtimal edilən səbəb kimi geopolitik təsirləri də əlavə etmək olar. Amma bu ehtimal çox cüzidir.
Şübhəsiz ki, 5 amilin hər birinini payı ola bilsə də, mən bu beş amil arasında üçüncü və dördüncü ehtimalları daha yüksək qiymətləndirirəm.
Eldəniz Əmirov, iqtisadçı