"Trampın Kanada, Qrenlandiya və digər əraziləri ABŞ-a birləşdirmək fikrini Don Korlionenin "Allahın iş prinsipini" tapması kimi qəbul etmək lazımdır. Məsələ ondadır ki, ABŞ yüz ildir başqa dövlətlərin bu kimi işğal hərəkətlərinin qarşısını almaq üçün bir çox addımlar atdı. Dünyanın bir ucundan gəlib digər ucunda əməliyyatlar həyata keçirdi. Bunu nə qədər doğru-yanlış etdiyi başqa məsələdir. Əvəzində özünə bir çox düşmən qazandı".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, ABŞ-ın özü hücuma məruz qaldı:
"Dövlətin külli miqdarda pulunu dünyanın az qala bütün ölkələrinə səpələdi. Amma əvəzində nə oldu? ABŞ dünyada sevilməyən, istənilməyən bir ölkə oldu".
Azər Qasımovun sözlərinə görə, Tramp görür ki, Rusiya, Türkiyə, İran, İsrail və s. fürsət düşən kimi istədiyi ərazini işğal edir, hansısa bir adla özünə birləşdirir:
"ABŞ isə buna qarşı heç nə edə bilmir. Arada onun pulu gedir. Sonra da o ərazilərdən çıxmağa məcbur olur. Məsələn, Vyetnam, Əfqanıstan kimi. Odur ki, Tramp da başa düşdü ki, Allahın iş prinsipi istəniləni arzu etmək deyil, yəni dünyada "pisliklərin" qarşısını almaqla iş getmir. Onda Tramp da istədiyini, yəni dünya düzənini öz istədiyinin özün almaqla olacağını başa düşdü.
İndi də Tramp ətrafında ondan asılı olanları özünə birləşdirmək qərarı verdi. Onsuz da onlar ABŞ-dan dolanırdısa, onda niyə mənim tərkibimdə olmasın? Bir sözlə, yeni dünya düzəni "kim güclüdürsə onun dediyi olacaq" düzənidir".
Süleyman