"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev televiziya kanallarına müsahibəsində cəmiyyətimizi narahat edən bir sıra məqamlara toxundu və günümüz üçün vacib məqamları, məsələləri qeyd etdi. Dövlət başçısının müsahibə zamanı yaxın qonşularımıza, həmin ölkələrin rəsmi dairələrinə ünvanladığı mesajlar əslində xalqın istəyi, vətəndaşlarımızın istək və arzularının dilə gətirilməsi idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Prezidentinin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, dövlət başçısı sözügedən müsahibə zamanı Azərbaycan cəmiyyətinin məlum təyyarə qəzası ilə bağlı haqlı narazılığını Rusiya rəhbərliyi və dövlətinin diqqətinə bir daha çatdırdı:
"Cənab Prezident bir neçə gün əvvəl dövlət televiziyasına verdiyi müsahibədə vurğuladığı kimi Rusiya dövləti təyyarəmizin vurulmasına görə, bu cinayətdə əli olanların cəzalandırılmasına nail olmalıdır. Çünki bunu Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişi də tələb edir. Ümid edirəm ki, Azərbaycan Prezidentinin mühüm mesajlarından şimal qonşumuzun rəsmi dairələri nəticə çıxaracaq və təyyarə qəzasının obyektivlik araşdırılıb cinayətkarların cəzalandırılmasına nail olacaqlar. Eyni zamanda qarşı tərəf qəzada həlak olan və xəsarət alan şəxslərə kopensasiya verilməsini də təmin edəcək".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin mesajlarından cənub qonşumuz İran da nəticə çıxaracaq və bu ölkədə son vaxtlar yenidən artan antiAzərbaycan çıxışları, münasibətinin qarşısı alınacaq:
"Çünki istər şimal. istərsə də cənub qonşumuzdan fərqli olaraq Azərbaycan hər zaman mehriban, səmimi qonşuluq münasibətlərinə üstünlük verib".
Süleyman