Tariximizin sovet dönəmi qanlı səhifə ilə qapanıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və bir sıra bölgələrimizdə mənfur sovet qoşunları tərəfindən “Qara Yanvar” adlandırdığımız faciəli hadisələr, qanlı qırğınlar törədilib. 147 nəfər soydaşımızın şəhid olduğu, 700-dən çox insanımızın yaralandığı və bir çoxlarının da itkin düşdüyü o müdhiş gecədən bu gün düz 35 il ötür. Kommunizmin sonuncu iblisi kimi tanınan Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən sovet tankları Azərbaycan xalqının azadlıq amalını, mübarizə əzmini qırmağa hədəflənmişdi. Çünki həmin günlərdə xalqımız meydanlarda birləşərək öz azadlıq iradəsini, Qarabağa sahiblik haqqını ifadə edirdi. Bu, dinc mübarizə idi.
Lakin tankların və atıcı silahların qarşısına əliyalın çıxan, heç bir silahı olmayan dinc insanlarımız təcavüzkar sovet ordusu tərəfindən gülləbaran edildi, amansızcasına qətlə yetirildi. Onlar bizim istiqlal şəhidlərimiz sayılır. 20 Yanvar şəhidləri arasında qadınlar, uşaqlar, yaşlı insanlarla yanaşı, hətta yaralılara ilkin tibbi yardım göstərməyə tələsən həkimlər də var idi. Vəhşi sovet əsgərləri hətta həkimlərə də aman vermədi. Beləliklə, sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu. Bu cür misilsiz qəddarlıqlar sovet dövlətinin, Qorbaçov hakimiyyətinin azərbaycanlıların mübarizə ruhunu sındırmaq üçün bütün alçaqlıqlara əl atmağa hazır olduğunu göstərirdi.
Həmin vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi ağır bəşəri cinayəti kəskin şəkildə pislədi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi. Sovet imperiyasının öz gücünü və əzici sistemini qoruyub saxladığı bir vaxtda Ümummilli Liderin belə bir cəsarətli və ifşaedici bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımlar həqiqətən də məhz dahi şəxsiyyətlər tərəfindən atılır.
Sovet rəhbərliyinin planı xalqımızın gözünü qorxutmaq və milli azadlıq hərəkatımızı boğmaq idi. Lakin nəticələr isə tam fərqli oldu. 20 Yanvar bizim millik birlik, həmrəylik anımıza çevrildi. Sovet liderlərinin qanlı planı xalqımızın əzmini və birliyini sarsıda bilmədi. Əksinə, milli birliyimiz dönməz xarakter aldı, daha da gücləndi. Qorbaçov və onun quldur bandası çox güman ki, belə bir nəticəni qətiyyən gözləmirdi. Sovet hökumətinin gözləntilərinin əksinə olaraq xalqımızın birliyi bu tarixi sınaqdan da şərəflə çıxdı, müstəqillik istəklərimizi daha da gücləndirdi.
Yanvarın 22-də Bakıda milyonlarla insanın iştirakı ilə şəhidlərin dəfn mərasimi keçirildi. Milli azadlığımız uğrunda canlarını fəda edən mücahidlərimiz Şəhidlər xiyabanında torpağa tapşırıldılar. Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs ünvana çevrildi. Bu faciəli hadisə həm də milli mübarizəmizin yeni dayaq nöqtəsinə, müstəqillik uğrunda hərəkatımızın dönüş anına çevrildi. Sovet ordusunun amansızlığına və Bakıda fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşünün keçirilməsi və Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyondan çox insanın iştirak etməsi Azərbaycan xalqının mətin xarakterini bütün dünyaya göstərdi. Bu, eyni zamanda, kommunizm imperiyasının çöküşünün göstəricisi idi.
Ona görə də 20 Yanvar faciəsini ümumxalq hüzn günü kimi qeyd etməyimizlə yanaşı, bu günü tariximizin milli qürur, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirməyimiz olduqca vacibdir. Şər imperiyası olan sovet imperiyasının iflasa uğramasında, tarixin küllüyünə atılmasında Azərbaycan xalqının iradəsinin sarsılmazlığı, mətinliyi də həlledici rol oynayıb. 1990-cı il yanvarın 20-də azadlıq və müstəqillik hərəkatımızı vəhşicəsinə yatırmağa çalışan Qorbaçov rejimi mənən məğlub oldu. Mübarizə iradəsi qırılmayan, müstəqillik arzusu sarsılmayan xalqımız həmin gün ən yeni tariximizin başlanğıcını qoydu. Bu hadisələr bir daha göstərdi ki, xalqın milli ruhunu, azadlıq arzularını heç bir müstəmləkəçi ölkə, imperialist qüvvə sındıra bilməz.
Biz həmin qanlı günlərdən 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizə qədər uzun və şərəfli bir yol keçdik, taleyimizi büsbütün dəyişdik, qalib xalqa, qalib dövlətə çevrildik. Lakin istilalımız, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizi də heç vaxt unutmuruq. Prezident İlham Əliyevin vurğuladığı kimi, "biz heç nəyi unutmamışıq. Biz şəhidlərimizi unuda bilmərik. Biz şəhidlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı və fədakarlığı heç zaman unudulmayacaq!".
Şəhidlərimiz milli kimliyimizin rəmzinə çevriliblər. Hər il yüz minlərlə insanın baş çəkdiyi, xalqın azadlıq yolundakı qurbanlarını yad etdiyi Şəhidlər xiyabanı and yerimiz kimi qəbul edilib. Bu gün də Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək, 20 Yanvar qətliamının qurbanlarının xatirəsini böyük ehtiramla yad edir. Onların mübarək ruhları qarşısında hamımız baş əyirik. Ruhunuz şad olsun, əziz şəhidlər!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri