Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kütlə psixologiyasına yönəlmək yox, vətəndaş həmrəyliyi nümayiş etdirmək vaxtıdır

Kütlə psixologiyasına yönəlmək yox, vətəndaş həmrəyliyi nümayiş etdirmək vaxtıdır


20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində, İmişli rayonunda baş verən ağır yol qəzası nəticəsində faciəli səkildə dünyasını dəyişən məktəblilərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik. Allah onların valideynlərinə, digər yaxınlarına səbr versin.

Belə ağır anlarda, faciəli məqamlarda sözsüz ki, hamımız faciə qurbanlarının doğmalarının acısına şərik olmalı, onların dərdini bölüşməliyik. Bu, bizim milli-mənəvi dəyərlərimizdən irəli gələn xüsusiyyətimizdir. Ancaq belə həssas məqamlarda milli birliyimizi pozacaq heç bir hərəkətə yol verməməli və hadisəni qəsdən siyasiləşdirməyə çalışanların tələsinə düşməməliyik.

Bizim gücümüz birliyimizdə, həmrəyliyimizdədir. Dövlət, xalq və vətəndaşlar olaraq bu birliyi qorumaq müqəddəs borcumuzdur. Bəzi qüvvələrin baş vermiş bu faciədən sui-istifadə etmək, insanları təxribata təhrik etməklə özlərinin siyasi niyyətlərini reallaşdırmağa cəhd göstərməsi fürsətçilik olmaqla yanaşı, birliyimizə zərbədir. Kimlərsə bu cür məqamlardan istifadə edib ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.

Ancaq biz milli birliyimizi qoruyub saxlamaq immuniteti olan müdrik xalqıq. Sabitliyin pozulması üçün səy göstərən, faciədən siyasi divident əldə etməyə çalışan qüvvələr bu birliyi poza bilməz. İnsanları təxribatlara təhrik etmək, faciəni siyasiləşdirmək doğru yol deyil. Faciəli hadisədən sui-istifadə edib nifaq salanlar, iğtişaş törədənlər insanların hisslərini, emosiyalarını istismar etməklə nəyəsə nail ola bilməzlər. Odur ki, təxribatçı çağırışlara yox, hüquqi dövlət anlayışına üstünlük verməliyik.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı açılan cinayət işinin nəticələrini gözləməliyik. Obyektiv, şəffaf araşdırma aparılacaq və hadisəyə müvafiq hüquqi qiymət veriləcək, günahkarlar da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq öz cəzalarını alacaq. Buna heç kimin şübhəsi olmasın. İndi kütlə psixologiyasına yönəlmək yox, vətəndaş həmrəyliyi nümayiş etdirmək vaxtıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş