Milli Məclisin deputatı Zahid Oruc deyib ki, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.
Bu il Azərbaycanda referendum keçirilə bilərmi? Referendum keçiriləcəyi təqdirdə, Konstitusiyada hansı dəyişikliklər edilə bilər?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, referendum keçirilməsi ilə bağlı məlumatlar zamanla mətbuatda hallandırılır.
"Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyasının qəbulundan 30 il keçir. Ötən müddət ərzində ölkədə köklü dəyişikliklər baş verib. Ən əsası isə işğal altında olan torpaqlar azad edilib, 200 illik erməni separatizminə son qoyulub, dövlət suverenliyimiz bərpa olunub", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib:
"Konstitusiyanın 30 illik yubileyi ilə yanaşı, ilk dəfə Suverenliyin tam bərpası ili kimi qeyd olunacaq.
Referenduma çıxarılacaq qanun layihələrinin Milli Məclisə daxil olması barədə məlumatım yoxdur. Bu məsələlərlə bağlı prezident administrasiyası məşğul olur. Düşünürəm ki, yerli idarəetmə sistemində islahatların aparılması zərurəti yaranıb.
Son illər Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan iqtisadi rayonlarında prezidentin xüsusi nümayəndələri təyin olunub. Paralel olaraq, icra hakimiyyətləri fəaliyyət göstərir. Bu təkrarçılıqdır və səlahiyyətlərin bölgüsü baxımından çaşqınlıq yaradır. Eyni vəziyyət, Administrasiya və Nazirlər Kabinetinin timsalında da müşahidə olunur".
N.Məhəməliyev hesab edir ki, hər iki istiqamət üzrə dövlət idarəetmə sistemində islahatlara ehtiyac var.
"Digər tərəfdən, ola bilər ki, parlament seçkilərinin təkmilləşdirilməsi, cəmiyyətin inkişafında siyasi partiyaların rolunun artırılması baxımından, proporsional seçki sistemi bərpa olunsun. 2000-ci il parlament seçkilərinə qədər Azərbaycanda qarışıq seçki sistemi mövcud idi. 2002-ci il Konstitusiyada edilən dəyişikliklərə görə, təkmandatlı majoritar sistemə keçildi. Ondan sonra baş verən hadisələr aparılan hüquqi islahatların doğru olduğunu göstərdi.
Zaman dəyişir, yeni qlobal çağırışlar, ölkələr arasında sərt iqtisadi, siyasi rəqabət, dövlət idarəetmə sistemində operativ, çevik addımların atılmasını şərtləndirir. Cənab Prezidentin apardığı islahatların kökündə, milli inkişaf strategiyası dayanır. Bizim vəzifəmiz isə bu islahatlara hər tərəfli dəstək verməkdir", - deyə o bildirib.