
"Münhendə 61-ci illik Təhlükəsizlik Konfransı başa çatdı. Dəvət edilən qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan da var idi. Paşinyan Münhendə bir sıra Avropa liderləri ilə bir araya gəldi. Bu təmaslar zamanı Cənubi Qafqazda vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə edildi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, diqqət çəkicidir ki, Almaniya səfərindən bir neçə gün qabaq Paşinyan Fransada, ondan da az öncə ABŞ-da olmuşdu. Paşinyanın Avropaya səfəri bir neçə səbəbdən diqqəti cəlb edir:
"İlk növbəti erməni baş nazirin ABŞ səfəri fiasko ilə nəticələndi. Prezident Donald Trampla görüşməyi hədəfləsə də onu qəbul edən ən yüksək səviyyəli ABŞ rəsmisi vitse - prezident Ceyms Devid Vens oldu. Bu səfər erməni cəmiyyətində ciddi tənqidə səbəb oldu. Nikol Paşinyan Bayden admistirasiyası ilə imzaladığı "Strateji əməkdaşlıq" haqqında sazişin Tramp tərəfində təsdiqini və Ermənistana yeni yardımlar ayrılmasına nail olmaq istəyirdi. Ancaq Ağ ev rəhbəri Paşinyanı qəbul etməkdən imtina etdi. Vitse - prezidentlə görüşündə isə elə də ciddi nəticə əldə edə bilməyən hökümət rəhbəri bunun hesabatını erməni xalqına verməkdə çətinlik çəkir. Buna görə də Münhen Təhlükəsizlik Konfransından istifadə edərək dərhal Avropa səfərinə başladı. Təbii ki, Paşinyanın səfəri zamanı əsas hədəf bu konfransda iştirak deyildi".
Polirtoloq hesab edir ki, əgər belə olsaydı Ermənistanın nümayəndə heyətinin tərkibinə müdafiə naziri Suren Papikyan da daxil edilməzdi:
"Münhen Təhlükəsizlik Konfransı təhlükəsizlik və diplomatik məsələlərin müzakirə olunduğu platformadı. Burda hərbi məsələlər müzakirə edilmir. Paşinyan tədbirə müdafiə nazirini aparmaqla öz niyyətini açıq şəkildə biruzə vermiş oldu. Ermənistan son zamanlarda hücum silahları ilə silahlanmaqda davam edir. Erməni ordusunda ballistik raketlərin sayı durmadan artır. Hindistan və Fransa ilə hərbi əməkdaşlığı ən yüksək səviyyəyə qaldıran Ermənistan Almaniya ilə də əməkdaşlığa xüsusi önəm verir. Pasinyan Münhendə görüşlər keçirdiyi ərəfədə Almaniyada erməni hərbiçiləri NATO çərçivəsində təlimlərə cəlb edilmişdi. Nikol Paşinyanın Almaniya kansleri Olaf Şolzsla görüşündə də Almaniya - Ermənistan hərbi əməkdaşlığı məsələsi geniş şəkildə müzakirə edildi. Qərbin İrəvana bu şəkildə dəstəyi regionda vəziyyəti daha da gərginləşdirməyə, Ermənistanda revanş siyasətinin güclənməsinə xidmət edir. Paşinyanın sülh danışıqlardan sadəcə vaxt qazanmaq üçün istifadə etmək niyyəti isə həm Ermənistanın özünə , həm də onun müttəfiqlərinə çox baha başa gələcək".
Anar Əliyev