
"Bu gün dünyanın bütün xalqları üçün çox özəl və önəmli bir gündür. Belə ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Biz bu günün yaranma, qeyd olunma tarixçəsinə fikir versək görərik ki, bu gün ana dili uğrunda mübarizənin nəticəsi olaraq beynəlxalq əhəmiyyət qazanıb. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsi illər sonra (1999-cu ilin noyabrında) bu günün Beynəlxalq Ana Dili Günü elan edilməsi ilə nəticələnib. Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Beynəlxalq Ana Dili Günü həmin dörd gəncin qəhrəmanlığını bir daha insanların xatirəsində canlandırmaqla yanaşı, həmçinin Yer üzündə hər bir insana öz ana dilinə sahib çıxmağın nə qədər vacib olduğu düşüncəsini aşılayır:
"Hər bir insan başa düşür ki, öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili (dövlət dili) hər bir xalqın maddi-mənəvi irsini qoruyan və onun əqli-intellektual inkişafını stimullaşdıran, yaradıcı potensialını zənginləşdirən ən mühüm və ən güclü vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, o millətin hər bir fərdinə öz soydaşları ilə ünsiyyət qurmasında kömək edir, körpü rolunu oynayır. Millətin həmrəyliyi ana dilindən başlayır".
Komitə sədri deyib ki, bir dilin dövlət dili statusuna yüksəlməsi isə həm o dilin öz tarixinin, həm də bütövlükdə milli dövlətçilik tarixinin ən parlaq, qızıl səhifəsi sayılır:
"Dilin dövlət dili səviyyəsinə yüksəlməsi suverenlik, milli mövcudluq məsələsidir. Azərbaycan dili (Azərbaycan türkcəsi) də bu tarixi mərhələyə uğurla adlayan dünya dillərindən biridir. "Kitabi-Dədə Qorqud" dastanımız dövlət dilimizin tarixi təsdiq nümunəsidir. Səfəvilərin zamanında ana dilimiz yenidən dövlət (saray) dili səviyyəsinə yüksələrək ərəb-fars dillərinin hökmranlığına son qoyub. Həmçinin Cümhuriyyət dönəmində də (1918-1920) ana dilimiz bütün Türk-İslam dünyasında ilk rəsmi dövlət dili statusu qazanan bir dil kimi tanınıb".
Əlisahib Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev isə ana dilimizin hərtərəfli inkişafında və onun müstəqil ölkənin dövlət dili kimi beynəlxalq miqyasda qəbul olunmasında, milli varlığımızın simvoluna çevrilməsində müstəsna rol oynayıb:
"Məhz Ulu Öndərin təşəbbüsü ilə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyub. Bu qanun Azərbaycan dilinin bütün dünya azərbaycanlılarının mənəvi dayaq nöqtəsinə çevrilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev də Ulu Öndərin dil siyasətini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır.
2015-ci ilin noyabr ayının 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində çıxışı zamanı Prezident İlham Əliyev ana dilimizin zənginliyindən danışaraq bildirmişdi ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Məhz bu məqsədlə, İlham Əliyev dilimizin saflığını qorumaq üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyub. Həmçinin, 2017-ci il oktyabr ayının 6-da dövlət başçısının tapşırığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransın keçirilməsi dilimizin qorunması və inkişafı istiqamətində atılan növbəti addım idi. Daha sonra, 2018-ci il iyulun 18-də Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalaması dilimizin tətbiqi dairəsinin genişləndirilməsinə təkan verib. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizin inkişafı və qorunması işinə böyük diqqət və qayğının təzahürüdür.
Bütün bu qanun və fərmanlar ana dilimizin qorunması və inkişaf etdirilməsinə xidmət edir. Lakin ana dilimizi qorumaq və inkişaf etdirmək həm də bizim hər birimizin müqəddəs borcumuzdur. Biz öz ana dilimizi sevməli və onu göz bəbəyimiz kimi qorumalıyıq. Ana dilimizi yad dillərin ayağına verməməliyik. Çünki ana dili millətin mənəvi güc və siyasi dirilik vasitəsidir. Bu həqiqəti Ayaz Salayev kimi rus dili aşiqləri də başa düşməlidirlər. Ulu Öndərimiz Heydər Əliyevin bu sözlərini hər bir soydaşımız yadda saxlamalıdır: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Süleyman