Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib

AzMİU-da “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi ilə AzMİU-nun birgə təşkilatçılığı nəticəsində gerçəkləşib.

Newscenter.az xəbər verir ki, konfransda dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun nümayəndələri, tanınmış alimlər, iqtisadçılar və mütəxəssislər iştirak ediblər.

İqtisadi təhlükəsizlik sahəsində müasir çağırışlar və həlli yollarının müzakirə edildiyi konfransda müasir iqtisadi trendlər, rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri, sənaye və tikinti sektorlarında iqtisadi təhlükəsizliyin gücləndirilməsi yollarından da danışılıb. Eyni zamanda iştirakçılar iqtisadiyyatın müxtəlif sahələrində mövcud olan təhlükəsizlik məsələlərini təhlil edərək, bu məsələlərin gələcəkdə ölkə iqtisadiyyatına təsirini nəzərdən keçiriblər.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyeva konfransı açıq elan edərək çıxışında sənaye sahəsində iqtisadi təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O, sənaye inkişafı ilə iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsinin vacibliyini qeyd edərək, bu sahədə həyata keçiriləcək tədbirlərin ölkənin davamlı inkişafına xidmət edəcəyini bildirib. Ruhəngiz Əliyeva, həmçinin sənaye sektorunda müasir texnologiyaların tətbiqinin və optimallaşdırma proseslərinin iqtisadi təhlükəsizliyin artırılmasında rol oynadığını qeyd edib.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasimov təhsil sistemindəki islahatların ölkənin iqtisadi təhlükəsizliyinə təsirini və təhsil müəssisələrinin bu sahədəki rolunu vurğulayıb. Akif Qasimov iqtisadi təhlükəsizliklə bağlı elmi tədqiqatların daha da genişlənməsinin və universitetlərdə bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasının vacibliyini qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələr və sərmayə qoyuluşları ilə əlaqəsini müzakirə edərək, dövlətin strateji siyasətini təkmilləşdirməyin vacibliyini vurğulayıb. O, xüsusilə, xarici iqtisadi əlaqələrin inkişafı və qlobal bazarlarda mövcud risklərə qarşı ölkənin hazırlıqlı olmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əliyev çıxışında hazırda höküm sürən geosiyasi, geoiqtisadi vəziyyət fonunda iqtisadi təhlükəsizliyin əhəmiyyətinə toxunub, vacib olan məqamlar haqqında fikirlər səsləndiriblər.

Konfransın yekununda iştirakçılar iqtisadi təhlükəsizliyin təmin olunmasında çoxşaxəli yanaşmaların vacibliyini bir daha vurğulayıb. Gələcək elmi tədqiqatların və əməkdaşlıq perspektivlərinin müzakirəsi zamanı iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə birgə fəaliyyətin davam etdirilməsinin önəmi qeyd olunub. Bu tədbir ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm bir addım olaraq dəyərləndirilib.

Süleyman
Xəbəri paylaş