
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru Əzim Mullaxanov arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, teatrın rəhbəri Ə.Mullaxanov sözügedən teatrın Özbəkistanda yaradılmış ilk teatrlardan olduğunu və onun qədim zəngin keçmişi olduğunu bildirib. Bu gün də zəngin rəngarəng repertuarları ilə tamaşaçılar qarşısına çıxan teatrın səhnəsində milli və əcnəbi müəlliflərin pyesləri yer alır. O, həmçinin bildirdi ki, teatrın repertuarında Azərbaycanın məşhur “Qaynana” pyesi də vardır və bu tamaşanın nümayişi hər zaman anşlaqla keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru A.Marifli Azərbaycanda uzun və zəngin tarixi yol keçmiş teatr sənətinə böyük diqqət yetirildiyini, artıq 150 ildən çox yaşı olan Milli Teatr Gününün hər il qeyd edildiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan teatrının bugünki inkişafı özünü ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.
Görüşün sonunda Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında hər il keçirilən ənənəvi beynəlxalq teatr günləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan teatr gününün keçirilməsi razılaşdırılıb. Burada Azərbaycan musiqisinin, rəqslərinin, teatr tamaşalarından səhnələrin nümayişi təşkil ediləcək. Bundan başqa Mədəniyyət Mərkəzi Muqimi Teatrına Azərbaycan teatr sənəti, mədəniyyəti, tarixi və ədəbiyyatı ilə bağlı kitablar, yeni musiqi partituraları, qarşılıqlı qastrol səfərləri, Azərbaycandan dəvət olunmuş artistlərin iştirakı ilə ustad dərsləri, rejissorluq və aktyorluq dərsləri təşkil ediləcək.
Süleyman