
Türkiyəli sərmayəçilər Qazaxıstanın Türküstan bölgəsində bioqaz və inteqrasiya olunmuş gübrə istehsalı zavodu açacaqlar.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Türküstan vilayəti qubernatorunun müavini Nurbol Turaşbekov bu məqsədlə Türkiyədən gələn investorlarla görüşüb, yeni layihələrin həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparıb.
Görüşdə türkiyəli investorlar aqrar-sənaye sektorunun inkişafına yönəlmiş layihələrini təqdim edib, planlarını bölüşüblər. Onlar heyvandarlıq tullantılarını təkrar emal etməklə elektrik və istilik enerjisi istehsal etmək niyyətindədirlər.
Bu il Türküstan vilayətinin Sayram rayonunda yaşıl texnologiya əsasında bioqaz istehsalının işə salınması planlaşdırılır. Layihənin dəyəri 40 milyon ABŞ dollarıdır.
Müəssisədə ildə 75 ton orqanik mineral gübrə və 40 milyon kVt elektrik enerjisi istehsalı nəzərdə tutulur. Müəssisə fəaliyyətə başlayanda 100-dən çox daimi iş yeri açılacaqdır.
Mehman Mehdiyev