
"Milyardlarla insan bu görüşün təsirindən xəyal qırıqlığına uğradı. İnsanların hamısı siyasətçi və diplomat deyil, ona görə də bu görüş insanların psixikasında ciddi fəsadlar buraxdı. London səfəri və qarşılanma ümumilikdə müsbət olsa da, nəticə etibarı ilə irəliləyiş baş vermədi. Ukraynada insanlar küçəyə çıxaraq Zelenskini dəstəklədilər. Bütün bu qeyri müəyyən hadisələr onu göstərir ki, dünyada güclü və yeni konfiqurasiyanın yaranması labüddür".
Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, burada yenə də iqtisadi maraqlar üzərində qurulan ciddi oyunçular var:
"Bu oyunçular bütün regionlarda öz maraqlarını həyata keçirmək üçün əsaslı bir prosesə başlayıblar. Trampın bir neçə dəfə "Mən sənə pul vermişəm" deməsi, 200-300 milyard ifadəsi, Zelenskinin 80 milyard ifadəsi onu göstərir ki, ABŞ bu maliyyə uyğunsuzluğunu boş buraxmayacaq. Köhnə komandanın təftişi başlanacaq və ən azı dörd il təmizləmə siyasəti həyata keçiriləcək".
Mərkəz rəhbəri deyib ki, Trampı narahat edən məsələlərdən biri də bu qədər pulun xərclənməsinə baxmayaraq, nəticənin olmamasıdır:
"Əvəzində isə nadir minerallardan qazanılan gəlirlər itirildi. Gələcək perspektivdə bu da əldən çıxdı. Birincisi, əslində həmin torpaqlar Rusiyanın nəzarəti altındadır, yəni işğal olunub. Və Rusiya işğal etdiyi torpaqlardan asanlıqla çıxmayacaq. Onda atəşkəsin şərtlərini qəbul etməsi üçün hansı motivlər var və hansı şərtlərlə razılaşmalar əldə olunacaq? Rusiya bu məqamda siyasi reallıqları nəzərə alıb kəskin hücum taktikasını seçəcəkmi? Bunun qarşısını almaq üçün hansı qüvvələr müdaxilə riskinə əl atacaqlar? Bax, bunlar dərin və düşündürücü məsələlərdir.
Avropada Zelenskinin qarşılanması müsbət xarakterizə olunsa da, nəticə etibarı ilə hələ ciddi nailiyyətlər görünmür. Çünki Amerika-İngiltərə münasibətlərində yumşaq soyuqluq hiss olunur. Almaniyanın hüquqi əsaslarla silahlanmanın qadağan olunması səbəbindən, İkinci Dünya Müharibəsindən sonra güc mərkəzi olmaması, Fransanın qlobal siyasətdə ciddi mövqeyə malik olmaması və Makronun rəhbərliyi sayəsində beynəlxalq aləmdə ciddiyə alınmaması … Belə bir vəziyyətdə Avropanın Rusiya ilə müharibəyə girməsi inandırıcı görünmür. Əgər oyun qaydaları dəyişməzsə, bu, demək olar ki, mümkün deyil".
Ramil Hüseynov qeyd edib ki, bütün regionlarda dünyanın yeni baxışa və yeni münasibətlər sisteminə keçid diqtəsi qaçılmazdır:
"Əsas məsələ isə dövlətimizin maraqlarının qorunması, millətimizin mənafeyinin təmin edilməsi və təhlükəsizliyidir. Burada ciddi təcrübəyə malik olmaq vacibdir. Təcrübə nəzəri biliklərin sınaqdan keçirilməsi və tətbiq olunması prosesidir. O, insanın inkişafına və daha təsirli qərarlar qəbul etməsinə kömək edir.
Hazırda dövlət idarəçiliyində ciddi təcrübəyə və elmi, siyasi, diplomatik biliklərə malik olan siyasi rəhbərimiz var. Bütün region və regiondan kənar strateji istəklərin qarşılığında dövlətçiliyimizin qorunması üçün bütün addımların atılmasına tam inanırıq. Biz bu yeni dünya düzəni qatarında öz müstəqil mövqeyimiz, ədalətli siyasətimiz və müdrik diplomatiyamızla mütləq, çoxsaylı sərnişinlərdən fərqli olaraq, daha böyük uğurlar qazanmaq şansına malikik.
Bizim üçün siyasi, ictimai və milli baxımdan, bu ciddi və mürəkkəb dövrdə indiyə qədər etimad göstərdiyimiz siyasi liderə daha güclü dəstək verməyə hazırlıqlı olmaq vacibdir. Böyük insanın acısıda böyük olur; bundan qorxmaq qətiyyən lazım deyil. Biz millət olaraq, dövlət olaraq və lider olaraq çox böyükük, bunu özümüz qazanmışıq. Bu qazancımızı doğru və ağıllı şəkildə xərcləmək lazımdır".
Süleyman