
Martın 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirə keçirilib.
Newscenter.az xəbər verir ki. təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb və bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.
Komitə sədri Sadiq Qurbanov son illər energetika sektorunda mühüm islahatlar keçirən Azərbaycanın enerji effektivliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atdığı uğurlu layihələrdən, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən söz açıb.
Komitə sədri ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda enerji diversifikasiyasında və enerji effektivliyində böyük irəliləyiş əldə olunduğunu vurğulayıb, bu sahənin inkişaf perspektivləri, qənaətcil texnologiyaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
Sonra energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda enerji istehsalında və istehlakında tətbiq edilən yeni innovativ texnologiyalar sayəsində əldə olunan müsbət nəticələri diqqətə çatdırıb. O, ölkədə enerji effektivliyi və qənaəti ilə bağlı mövcud imkanlar və atılacaq addımlar barədə danışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında Azərbaycanda enerji səmərəliliyinin dövlət siyasəti səviyyəsinə qaldırıldığını qeyd edərək enerji səmərəliliyinin iqtisadiyyata transformasiyası və məsələnin iqtisadi aspektləri barədə danışıb. O, ölkədə həm qanunvericilik sahəsində, həm də praktiki müstəvidə alternativ və bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını qeyd edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov 2024-cü ildə Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olmasından bəhs edib, enerji səmərəliliyi təşəbbüslərinin və proqramlarının qanunvericiliklə dəstəklənməsinin əhəmiyətindən danışıb.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Əfqan İsayev ARDNŞ-nin dekarbonizasiya və enerji keçidi istiqamətində mühüm layihələr icra etdiyini deyib. O vurğulayıb ki, şirkət beynəlxalq ekoloji konvensiyalar və müqavilələr çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində də fəaldır.
Sonra ARDNŞ-nin vitse-prezidentinin müavini Teymur Quliyev “ARDNŞ-nin dekarbonizasiya strategiyası və gələcək perspektivləri” adlı slaydlarla müşayiət olunan təqdimatını nümayiş etdirib. Təqdimatda şirkətin dekarbonizasiya hədəflərinə çatması sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər və bu istiqamətdə qurulmuş uğurlu əməkdaşlıqlar haqqında ətraflı məlumat verilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qurumun fəaliyyətində səmərəliliyi daha da artırmaq üçün icra olunan Transformasiya proqramı barədə slaydlarla müşayiət olunan təqdimat nümayiş etdirib. Təqdimatda qazpaylama işinin təşkilində səmərəliliyi artırmaq, itkilərin qarşısının almaq üçün görülən işlərdən bəhs edilib.
“Azərenerji” ASC-nin vitse-prezidentin birinci müavini Yusif Qarayev və Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov “Enerji səmərəliliyi və rəqəmsal idarəetmə: imkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışçılar generasiya güclərinin mövcud vəziyyəti, iqlim dəyişikliklərinə adaptasiya və səmərəlilik tədbirləri, istilik və elektrik ötürücü sistemlərin yenilənməsi, o cümlədən yaşıl enerji layihələri barədə məlumat veriblər.
İctimai müzakirədə Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Elman Nəsirov, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Texniki Universitetinin prorektoru Nurəli Yusifbəyli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Fuad Hümbətov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini səsləndiriblər.
İctimai müzakirənin yekununda komitə sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Soltanov, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən suallara aydınlıq gətiriblər.
Tədbirdə Milli Məclisin deputatları, Milli Məclisin Aparatının əməkdaşları, aidiyyətı qurumların təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Süleyman