
"Qazaxıstanda 5 gün ərzində miqrasiya qanunvericiliyini pozan 700-ə yaxın əcnəbi taksi sürücüsü müəyyən edilib".
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Bildirilib ki, “Təhlükəsiz yol” əməliyyat-profilaktiki tədbiri çərçivəsində 46 min avtomobil texniki baxışdan keçirilib. Onlardan 1080 xarici vətəndaşın şəxsi daşımalarla məşğul olduğu müəyyən edilib.
Qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 234 əcnəbi, Qazaxıstanda olma müddətini pozduqlarına görə 457 əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib. 175 əcnəbi taksi sürücüsü məhkəmənin qərarı ilə ölkədən deportasiya edilib.
Bundan əlavə, 103 taksi sürücüsü şəxsiyyətlərinin müəyyən edilməsi üçün qəbul və paylama məntəqələrinə yerləşdirilib. 38 qazaxıstanlı isə əcnəbi vətəndaşları qanunsuz işə cəlb etdiklərinə görə inzibati məsuliyyətə cəlb edilib.
Mehman Mehdiyev











































