Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA cənub zonasına media-tur təşkil edib

AQTA cənub zonasına media-tur təşkil edib


Newscenter.az.24.12.2018. Ölkə əhalisinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Sevindirici hal ondan ibarətdir ki, son illərdə əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində kifayət qədər müsbət işlər görülüb və mühüm nəticələr əldə edilib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaradılması xüsusi qeyd edilməlidir. Sərəncam əsasında ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyən edilmişdi.

Onu da etiraf etmək lazımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərdiyi bir ilə yaxın müddət ərzində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atıb, tədbirlər həyata keçirib.
AQTA cənub zonasına media-tur təşkil edib

Agentliyin qida təhlükəsizliyi sahəsində cəmiyyətin maarifləndirilməsi istiqamətindəki həyata keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Nəzərə alsaq ki, cəmiyyətin istənilən mövzu və istiqamətdə maarifləndirilməsində kütləvi informasiya vasitələri, medianın rolu danılmazdır, o zaman istənilən dövlət və ya özəl qurumun KİV-lərlə yaxından əməkdaşlıq qurması da vacib amillərdən biridir. Bu mənada deyə bilərik ki, AQTA bu amilə xüsusi həssaslıqla diqqət edir. Müntəzəm olaraq KİV-lərdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatların yer alması, media nümayəndələri ilə bu sahədə keçirilən təlimlər və digər bu kimi addımlar agentliklə KİV-lər arasında yüksək səviyyədə qurulan əməkdaşlığın nümunəsidir. Belə bir əməkdaşlığın davamı olaraq həftə sonu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkənin aparıcı media qurumlarının nümayəndələrinin respublikanın cənub zonasına səfərini təşkil edib.

İki gün davam edən media-tur zamanı jurnalistlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasında, buradakı bir sıra istehsalat müəssəsində olublar. Media-tur barədə məlumat verən Agentliyin İnformasiya Təminatı və İnnovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib ki, məqsəd media nümayəndələrini regionlarda yaradılan sınaq laboratoriyalarının iş prosesi ilə yaxından tanış etməkdir.
AQTA cənub zonasına media-tur təşkil edib

Mansur Piriyev onu da deyib ki, təmsil etdiyi qurumun əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işləri ictimaiyyətə daha dolğun çatdırmaq və onları məlumatlandırmaq üçün belə səfərlər təşkil edilir. Şöbə müdiri yaxın vaxtlarda digər regionlarda fəaliyyət göstərən sinaq laboratoriyalarına da media-turların təşkil ediləcəyini istisna etməyib.

Qeyd edək ki, media-tur çərçivəsində jurnalistlər Lənkərandakı "Cənub Aqro" MMC-nin istixana təsərrüfatında yetişdirilən pomidor məhsulundan götürülən nümunələrin AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına aparılması və orada həmin nümunələrin yoxlanılması prosesini izləyiblər.

Bildirilib ki, Lənkəran Regional Sınaq Laboratoriyasıının təyinatı üç istiqamət - heyvan mənşəli xəstəliklərin ekspertizası, bitki mənşəli xəstəliklərin ekspertizası, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası üzrə qurulub. Laboratoriyada 27 laborator baxış otağı var ki, burada gündəlik 300 sınaq aparmaq mümkündür.

Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur.

Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.

Qəbul edilmiş nümunələr aşağıdakı şöbələr tərəfindən tədqiq edilir:

Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın qəbulu, bitkiçilik məhsullarının qəbulu və bütün növ qida məhsullarının qəbuludur.
AQTA cənub zonasına media-tur təşkil edib

Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə olunur.

Fiziki - kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır.

Molekulyar biologiya və GMO - nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir.

Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, eyni zamanda qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası həyata keçirilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib.

Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir.

Heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır.

Karantin ekspertiza şöbəsində bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir.

Media nümayəndələrinə o da bildirilib ki, qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas olmaqla kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədilə müayinə edilir. Müayinələrdən sonra nəticələr həmin kod altında Agentliyin vahid elektron sisteminə ötürülür. Bununla da prosesin şəffaf şəkildə izlənməsi təmin edilir. Nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də, sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.
AQTA cənub zonasına media-tur təşkil edib

Məlumat üçün onu da bildirək ki, Lənkəran Regional Sınaq Laboratoriyası cari ilin iyul ayından fəaliyyətə başlayıb. Laboratoriyada müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi İlahə Əliyeva laboratoriyada aparılan müayinələr barədə media nümayəndələrini ətraflı məlumatlandırıb. Laboratoriyada kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüd olduğunu deyən İlahə Əliyeva GMO məhsulları, eləcə də ət və ət məhsullarının mənşəyinin müəyyən edilməsi ilə bağlı laboratoriyada görülən işlər barədə də məlumat verib. Bildirib ki, molekulyar biologiya və GMO - nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir: "Laboratoriyada nümunələr 3 istiqamətdə daxil olur: sahibkarlar, vətəndaşlar tərəfindən könüllü və şikayət əsaslı nümunələr. Qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas götürülərək kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədi ilə müayinələrə cəlb edilir. Nəticələr eyni kod altında AQTA-nın vahid elektron sisteminə daxil olur və şəffaf şəkildə izlənilir. Şikayət əsasında götürülən nümunələr dövlət vəsaiti hesabına ödənilir, sahibkar və fərdi şəxslərdən olan müraciətlərdə isə rüsum ödənilir ".

Media-tur çərçivəsində jurnalistlər "Astaraçay" MMC-nin çay fabrikində də olub, istehsal prosesi ilə maraqlanıblar. Həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri "Astaraçay" MMC-də yaradılan "Çay muzeyi"ndə də olub, burada nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Məlumat verilib ki, burada dünyaca məşhur Davos İqtisadi Forumunda iştirakçıların içdiyi və yüksək qiymətləndirdiyi çay nümunəsi də saxlanılır. Media nümayəndələrinin diqqətinə o da çatdırılıb ki, Astarada yerləşən "Çay muzeyi" xarici turistlərin ən çox üz tutduğu məkanlardan sayılır və ölkəmizin qonaqları bu muzeyi böyük maraqla izləyirlər. Çünki bu muzey dünyada anoloqu olmayan muzeylərdən sayılır.
NEWSCENTER.AZ
Xəbəri paylaş