Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib


Newscenter.az.18.04.2019. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2018-ci il tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E. Herronun təklif etdiyi “Mən öz gələcəyimi seçirəm” mövzusunda aprelin 18-də Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, seminarı giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında keçirilən seminarlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalara qarşı mübarizənin gücləndirilməsi üçün təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsindən danışıb.

Sonra ABŞ-ın Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı, İDEC Konfransının iştirakçısı Rokuelle Herron Bakıda keçirilən konfransın əhəmiyyətindən danışıb, konfransın keçirilməsində əsas məqsədin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yolları və üsullarının müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə edilməsi olduğunu bildirib.

Daha sonra Rokuelle Herronun narkomaniyaya həsr olunmuş mühazirəsi tələbələr tərəfindən maraqla dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Seminarda Azərbaycan Respublikası Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak edib.
Xəbəri paylaş