Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-nın jurnalnın ilk nömrəsi çapdan çıxıb



Newscenter.az.15.07.2019
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət-sahibkar-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülməklə yanaşı, qida təhlükəsizliyi, sağlam qidalanma ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində vacib addımlar atılmaqdadır.

Cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.

İstehlakçıların və istehsalçıların maarifləndirilməsi işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədi ilə qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən elmi-kütləvi jurnalın ilk nömrəsi çapdan çıxıb.

Newscenter.az xəbər verir ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.

Belə ki, “Süfrə” jurnalının ilk sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.
Eyni zamanda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, tanınmış endokrinoloq Hidayət Məmmədzadə ilə geniş oxucu auditoriyası üçün maraqlı olacaq müsahibələr dərc edilib.
Jurnal “Bələdçi”, “Obyektivdə”, “Bizdə yoxdur”, “Fikir üçbucağı”, “Qida Akademiyası”, “Etiket”, “Sual var”, “Yoxlama”, “Sağlamlıq məktəbi” və digər maraqlı rubrikalarla qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin öz məsuliyyətini dərk etməsi və istehlakçıların hüquqlarının müdafiə olunması işinin təşkilində təbliğat və maarifləndirmə ilə bağlı əhəmiyyətli rol oynayacaq.
Orxan
Xəbəri paylaş