Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələrini aldadan fırıldaqçını həbsxanadan çıxarmağa çalışırlar



Newscenter.az.27.09.2019. Aralarında şəhid ailələrinin üzvləri də olan çox sayda vətəndaşa maddi ziyan vurmuş Cavid Umudlunun himayədarları onu azadlığa çıxarmaq üçün xeyli aktivləşiblər.

Yenicag.az xəbər verir ki, çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməllərinə görə həbs edilən 28 mart 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Şahbuz rayonu, Nursu kəndində anadan olmuş Umudlu Cavid Məhəmmədəli oğlunun törətdiyi cinayətlərə görə cəzasız qala biləcəyi və ya barəsində simvolik cəza kəsilmək ehtimalı zərərçəkənləri dərindən narahat edir.

Qeyd edək ki, yüzlərlə vətəndaşı, o cümlədən, şəhid və qazi ailələrinin üzvlərini aldadaraq, onlara külli miqdarda ziyan vurmuş Cavid Umudlu edilmiş davamlı şikayətlərdən sonra 2017-ci ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Aparılan təhqiqatdan sonra işin göndərildiyi Bakı Ağır Cinayətlər Məhkəməsi Cavid Umudlunu 8 il müddətinə azadlqıdan məhrum edib.

Maraqlıdır ki, hələ o dövrdə zərərçəkənlər Umudlunun azadlığa çıxması üçün güvəndiyi vəzifəli şəxslərə böyük məbləğdə rüşvət boyun olduğunu əminliklə bildirərək, onun heç bir cəza almadan azadlığa çıxmaq niyyətindən narahatlıqlarını gizlətmirdilər.

Lakin Umudlunun hamiləri onu həbs cəzasından xilas edə bilməsələr də, cəzasının minimum müddətə endirilməsi istiqamətində xeyli fəallaşıblar.

Məlumata görə, oktyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə Umudlunun apellyasiya şikayətinə baxılacaq. Bu ərəfədə Umudlunun himayədarları məhkəmənin onu “təmizə çıxarması” üçün hərəkətə keçiblər və bununla bağlı adıçəkilən hakimə təzyiqləri artırıblar.

Bu təzyiqlərin, ümumiyyətlə, “Umudlunu azadlığa çıxarmaq” “əməliyyat”ının hansı nəticəni verəcəyi isə hakimin onun barəsində çıxaracağı qərardan sonra məlum olacaq.

Bu məsələni diqqqətlə saxlamaqla yanaşı, Cavid Umudlunun vətəndaşlara qarşı törətdiyi dələduzluq faktlarının araşdırılmasını davam etdiririk. Eyni zamanda, Umudlunun kimlər tərəfindən himayə olunduğunu və onu niyə belə ciddi-cəhdlə azadlığa çıxarmağa çalışdıqlarının səbəbini də açıqlayacağıq.
Xəbəri paylaş