Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri AQTİ-nin laboratoriyaları ilə tanış olub



Newscenter.az.31.10.2019. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə infotur keçirilib. İnfoturda Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı , İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin rəhbər və nümayəndələri, eləcədə 30-a yaxın media nümayəndəsi iştirak edib.

Newscenter.az xəbər verir ki, infotur iştirakçıları İnstitutun Analitik Ekspertiza Mərkəzinin Mərkəzləşmiş nümunə qəbulu sektorunda olublar. Onlara məlumat verilib ki, Mərkəzləşmiş nümunə qəbulu sektoru idxal-ixrac, monitorinq, fərdi müraciət təyinatlı qida, bitki və bitkiçilik məhsulları, yem və yem əlavələri, baytarlıq preparatları, pestisid və aqrokimyəvi maddələr, bioloji fəallığa malik qida əlavələri, qida ilə təmasda olan qablaşdırma materialları və s. olmaqla gün ərzində qəbul olunan 400 ədəd civarında nümunənin qəbulu prosesini həyata keçirir.

Daha sonra Milli Referens Laboratoriyasının Bioloji müayinələr və Cihaz müayinələri bölməsi ilə tanışlıq olub. İştirakçıların diqqətinə çatdırılıb ki, ölkədə qida təhlükəsizliyi göstəricilərinin təyini üzrə ixtisaslaşmış Bakı şəhərində Milli Referens Laboratoriyası (MRL) və onun 1 saylı filialı, regionlarda Abşeron, Sumqayıt, Lənkəran, Gəncə və Şəki Regional Sınaq Laboratoriyaları fəaliyyət göstərir.

Qida Təhlükəsizliyi Laboratoriyalarında kənd təsərrüfatı məhsullarının, qida və qida məhsullarının, alkoqollu içkilərin “ISO (International Organization for Standardization)”, “ASTM (American Society for Testing and Materials)”, “AOAC (Association of Official Agricultural Chemists)”, “NMKL (Nordic Committee on Food Analysis)”, “FDA (Food and Drug Administration) kimi beynəlxalq standartlarda qeyd olunan keyfiyyət, təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini müayinələrini həyata keçirilir.

Laboratoriyalarda bitki məhsullarında 250–yə qədər pestisid qalığının, heyvan mənşəli məhsullarda 17 adda antibiotik qalığının miqdarının təyini ilk dəfə olaraq UltraYüksək Performanslı İkiqat Kütlə-spektrometr detektorlu Maye Xromatoqrafı (LC-MS/MS) və İkiqat Kütlə-spektrometr detektorlu Qaz Xromatoqrafı (GC-MS/MS) kimi cihazlar vasitəsilə həyata keçirilmişdir.

Qida Təhlükəsizliyi Laboratoriyalarında bütün parametrlər üzrə qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin təyini aparılır. Belə ki, qidalarda istifadə edilən yağların mənşəyi və keyfiyyəti (bitki və ya heyvan mənşəli olması) fitosterinlərin, yağ turşularının, həmçinin trans yağların miqdarı Alov–ionlaşdırıcı detektorlu Qaz xromatoqrafı (GC–FID) vasitəsilə təyin edilir.

İnfotur çərçivəsində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının Virusologiya bölməsinə də baxış keçiriblər. Məlumat verilib ki, Mərkəzi Baytarlıq Laboratoriyasının eləcə də onun nəzdində fəaliyyət göstərən bölgələr üzrə 6 regional sınaq laboratoriyası ölkədə dövriyyədə olan, idxal və ixrac olunan, həmçinin insan sağlamlığı üçün təhlükə yarada biləcək kənd təsərrüfatı, ev və vəhşi heyvan xəstəliklərinin laborator diaqnostikasının aparılmasını, vaxtında xəstəliklərin aşkarlanmasını, ölkədə baytar-sanitar təhlükəsizliyini təmin edir. Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik beynəlxalq tələblərə cavab verən 2–ci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.

Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində fəaliyyət göstərən regional sınaq laboratoriyaları 2–ci biotəhlükəsizlik səviyyəsinə uyğun sınaqların aparılması üçün qurulmuş və bütün lazımi maddi–texniki baza ilə təchiz olunmuşdur. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Cənubi Qafqazda ilk dəfə olaraq səhra tipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində fəaliyyətə başlamışdır.

Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək qısa müddətdə xəstəliyin təyininə imkan verir. Müayinələr yüksək həssaslığa malik təsdiqləyici metod sayılan PZR metodu ilə molekulyar səviyyədə həyata keçirir.

Orzan
Xəbəri paylaş