Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX-ın sektor müdiri “İlin peşəkar gənci” seçildi



Newscenter.az.4.12.2019. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

Newscenter.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daxil olan məlumata görə, tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək gənclərimizin sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının, layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

“İlin peşəkar gənci” müsabiqəsinin təşkili gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğinə xidmət edir. Son iki ildə 107 gənc AHİK-in qərarı ilə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Bu gün ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına 56 nəfər istedadlı gənc layiq görülüb ki, onların 38 nəfəri kişi, 18 nəfəri isə qadındır. “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Regional qurumlarla əlaqələndirmə sektorunun müdiri Sübhan Əbilov və İnformasiya təhlili sektorunun müdiri Mirhəmid Bağırov mükafatlandırılıb.

AHİK-in sədri tələbələrin sosial problemlərinin həlli istiqamətində müəyyən addımlar atıldığını diqqətə çatdıraraq bildirib ki, 120 tələbəyə aylıq təqaüdlərin verilməsi təmin olunub.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Anar
Xəbəri paylaş