Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda vətəndaşlar təhdid olunur-YAP və MSK-ya şikayət ediləcək

Beyləqanda vətəndaşlar təhdid olunur-YAP və MSK-ya şikayət ediləcək


Newscenter.az.16.02.2020. Beyləqanda yol verilən seçki saxtakarlıqlarını ört-basdır etmək üçün 81 saylı Beyləqan Seçki Dairəsinin rəhbərliyi, eləcə də Yeni Azərbaycan Partiyasının rayon təşkilatı vətəndaşlara qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edir.

Newscenter.az-a rayondakı mənbələrdən daxil olan məlumata görə, fevralın 16-da rayonun orta məktəblərinin müəllimləri Dairə Seçki Komissiyasına dəvət edilərək onlardan 9 fevral parlament seçkilərində heç bir saxtakarlıq olmadığı barədə ərizə almağa cəhd göstərilib. 81 saylı DSK-nın sədri Zakir Vəlişov müəllimlərə təzyiq göstərərək onlardan qeyd edilən istiqamətdə ərizə yazmağı tələb edib.

Qeyd edək ki, 81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizədlər seçkilərin nəticələrinə etiraz əlaməti olaraq Mərkəzi Seçki Komossiyasına rəsmi müraciət ediblər. MSK isə öz növbəsində şikayətin araşdırılmasını müvafiq DSK-ya göndərib. 81 saylı Beyləqan DSK isə şikayəti araşdırmaq əvəzinə vətəndaşlardan təzyiq yolu ilə seçkilərdə heç bir qanun pozuntusunun olmadığı barədə razılıq ərizələri almağa üstünlük verib.

Redaksiyamıza daxil olan digər bir məlumatda isə qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev də yerli sakinlərə qarşı təzyiq vasitələrindən istifadə edir. Belə ki, Pəsiyev və ətrafında olan şəxslər, eləcə də DSK sədri Zakir Vəlişov deputatlığa namizəd olmuş şəxslərin seçki məntəqələrinə təyin etdiyi müşahidəçilərin evlərinə gedərək onlardan səsvermə prosesində hər hansı qanun pozuntusunun olmaması barədə ərizə almağa çalışır. Buna etiraz edənlər isə Pəsiyev və Vəlişov tərəfindən təhdid olunur, onların iş həyatına əngəllər yaradılacağı açıq şəkildə bildirilir. Yaranmış anormal vəziyyətlə bağlı vətəndaşların Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, eləcə də Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edəcəyi rayondan gələn xəbərlər sırasındadır.

P.S. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının da rəsmi mövqeyini öyrənməyə çalışacağıq.
Xəbəri paylaş