Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Aprel döyüşləri müstəqil Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir"



Newscenter.az.2.04.2020. "Aprel döyüşləri müstəqil Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. Onun sözlərinə görə, qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar:

“Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Bu gün düşmənlə təmas xəttində döyüş növbəsi çəkən Azərbaycan Ordusunun əsgər və zabitlərinin ruhunda milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır”.

Millət vəkili deyib ki, tariximizdə yeni zəfər səhifəsi açan Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi:

“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq tarixdir. Bu tarixi Azərbaycan xalqı böyük iftixar hissi ilə yaşadı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi “Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir”.

Fatma Yıldırımın sözlərinə görə, Aprel döyüşlərinin qalibiyyət rəmzi kimi ən parlaq nümunələrindən biri də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsidir:

“Bu gün Lələtəpə yüksəkliyində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Lələtəpə yüksəkliyi düşmən əsarətində hələ də qalan torpaqlarımızın azad ediləcəyi günün müjdəçisi olacaq. Azərbaycan xalqı inanır ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğal olunmuş torpaqlarımız azad olunacaq və qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Bu inamla da torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən, millət vəkili olduğum Bərdə rayonun igid oğulları Ziya Niyazi oğlu Həsənov və Səbuhi Rəfayıl oğlu Musayevin əziz xatirəsini böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm”.

Mehman
Xəbəri paylaş