Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır



Newscenter.az.18.04.2020. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məhz, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 paket reallaşdırılır və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Dövlət iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparır, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirir, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Məşğulluq orqanlarının da fəaliyyəti gücləndirilib. Prezidentin təşəbbüsü ilə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb və artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı isə 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. Eyni zamanda, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə də ölkə üzrə yaşayış minimumu səviyyəsində birdəfəlik ödəmə verilməsinə başlanıb. Sevincidiri haldır ki, Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 3 dəfə artırılaraq 600 min şəxsə ödəniləcək.

Dövlət çalışır ki, bu cür çətin və həssas məqamlarda sosial proqramlar dayanmasın, ixtisar olunmasın. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, sosial öhdəliklərini vaxtında yerinə yetirir. Respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib, ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Həmçinin, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb və bunun üçün əlavə 3 milyona manat ayrılıb. Eyni zamanda, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib və bu proses davam edir. Bu məqamda isə YAP-ın könüllülərinin də bu prosesdə aktiv iştirakını qeyd etmək istərdim. Bundan başqa, hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün daha bir neçə addım da atıb. Məsələn, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bu tədbir14 min nəfəri əhatə edir, bunun üçün isə 2.6 milyon manat ayrılıb. Eləcə də, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub ki, buna da 40 milyon manat ayrılıb. Bir sözlə, bütün görülən işlər, sosial tədbirlər isbatlayır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş dayanır və dövlət hər zaman vətəndaşın yanındadır.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş