Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana 43 kq yaxın narkotikin gətirilməsinin qarşısı alındı



Newscenter.az.2.05.2020. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dan verilən məlumata görə, 1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqa­mə­tində hərəkət edərək İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlamışdır.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürül­müşdür.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində sax­lanılmışdır.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilmişdir.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf etmişlər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş