Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir Azərbaycanın dünyaya inteqrasiyasının əsası Ulu Öndər tərəfindən qoyulub



Newscenter.az.8.05.2020. Müasir Azərbaycanın xilası və quruculuğu xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində dövlətimiz humanitar fəlakət, daxili siyasi böhran, açıq-aşkar şəkildə parçalanmış cəmiyyət, iflic olmuş iqtisadiyyat ilə səciyyələndirilirdi. Bu ağır vəziyyətdə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və dövlətimizi xilas etmək üçün hərəkətə keçdi.

Heç bir sahəni diqqətdən kənarda saxlamayan Ulu Öndər anlayırdı ki, Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirmək, habelə dövlət quruculuğu sahəsində ən yaxşı təcrübələri öyrənib tətbiq etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə Ulu Öndər 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün BMT Baş Qərargahına səfər etmiş, bu mötəbər tribunadan çıxış etmiş ilk Azərbaycan Prezidenti olaraq bütün dünyaya dövlətimizin o zamankı reallıqlarını çatdırmışdır. Bundan sonra həmin ilin oktyabr ayında BMT-nin o dövrdəki Baş Katibi Butros-Butros Qali Azərbaycana səfər etmiş, dövlətimizin müstəqilliyinin, dünyaya inteqrasiya üzrə Ulu Öndərin ardıcıl və məqsədyönlü siyasətinin necə rəğbətlə qarşılandığını nümayiş etdirmişdir.

Azərbaycanın davamlı inkişafının təmini yönündə Ulu Öndər tərəfindən atılan növbəti tarixi addım 2000-ci ildə BMT-nin Minilliyin Bəyannaməsinin imzalanması və Minilliyin İnkişaf Məqsədlərinə nail olunması yönündə qlobal çağırışa dövlətimizin qoşulması olmuşdur. Bununla sosial, iqtisadi, institusional, ətraf mühit və digər aidiyyəti sahələrdə davamlı inkişafın təmini üçün Azərbaycanda yeni siyasətlər formalaşmış, qlobal inkişaf yanaşmaları yerli şəraitə uyğunlaşdırılaraq əhalimizin rifahının yüksəldilməsinə yönəlmişdir.

Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir, çünki o, bir dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazmışdır. Anadan olmasının 97-ci ildönümü münasibətilə biz hamımız Ümumilli Liderimizi qürurla anırıq.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş