Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şura özünü buraxmalıdır



Newscenter.az.19.05.2020. Milli Şuranın online iclasında qurumun Koordinasiya Mərkəzinin üzvlərinin, xüsusilə də Gültəkin Hacıbəylinin insanların şərəf və ləyaqətini alçaltması, açıq təhqirlərə yol verməsi və bütün bunlara Cəmil Həsənlinin sakit, gülüşlə qarşılıq verməsi haqlı olaraq ictimaiyyətdə kəskin etiraza səbəb olub. Bu səbəbdən də, Milli Şura ictimaiyyətin kəskin etirazından nəticə çıxarmalı, ən yaxşı halda özünü buraxmalıdır.

Məlum iclasda səslənən siyasi etikadan və əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada və AXCP-də cəmləşənlərin hələ də 1992-ci ildəki dağıdıcı, radikal düşüncədə qaldıqlarını isbatlayır. Hər kəs bilir ki, bu gün özünü “demokrat” kimi qələmə verib müxalifətçilik oyunu oynayanların da yer aldığı AXC-Müsavat cütlüyü 1992-ci ildə hakimiyyəti silahlı zorakılıq yolu ilə ələ keçirmişdilər. Hələ o zamandan bəlli idi ki, onlar siyasi etikadan çox uzaqdırlar. Hakimiyyətdə təmsil olunanların jurnalistləri döyməsi, çap etdiyi qəzeti ona yedirməsi, maşının yük yerinə salması, canlı yayımda qonağa qarşı zorakılıq etməsi, insanları cəbhə xəttindən müxtəlif bəhanələrlə götürüb Bakıya gətirməsi, burada ya həbsə atması, yaxud da öldürməsi, korrupsiya, özbaşınalıq, ayrı-ayrı silahlı dəstələrin siyasi hakimiyyətə yiyələnməsi və s. adi həyat tərzinə çevrilmişdi. Bu hadisələrin üzərindən 30 ilə yaxın vaxtın keçməsinə baxmayaraq, bu gün də həmin insanların eyni qaydada rəqiblərinə qarşı mənəvi terror həyata keçirməsi, korrupsiya, qrant cinayətinə bulaşması, təhqirlə, söyüşlə başqalarının şərəf və ləyaqətini alçaltması, şər, böhtan, qarayaxma ilə məqsədlərinə nail olmağa çalışmaları və s. bir daha onu göstərir ki, onların düşüncəsi də, hərəkətləri də dəyişməz qalıb. Məhz, Milli Şuranın online iclasında qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərir.

Sevinc Osmanqızının, Cəmil Həsənlinin və başqalarının Milli Şuranın biabırçı vəziyyəti ilə əlaqədar ictimai rəyi çaşdırmaq üçün diqqəti başqa məsələlərə yönəltmək istiqamətində tətbiq etməyə çalışdıqları siyasi terapiya vasitəsi işə yaramayacaq. Hər gün Milli Şuranın siyasi oyunlarına son verməsi və özünü buraxması haqqında ictimai tələblər artmaqdadır. Belə bir vəziyyətdə ictimai rəyi çaşdırmağa çalışmaq və diqqəti Milli Şuranın biabırçılığından yayındırmaq özü böyük xəyanətdir və bu ictimaiyyəti daha da hiddətləndirir. Cəmil Həsənlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin israrla təhqirlərə haqq qazandırması, Gültəkin Hacıbəyli kimiləri müdafiə etməsi də cəmiyyətimizə qarşı böyük hörmətsizlikdir. Əgər adları çəkilənlər Milli Şuranın iclasında səslənən təhqiramiz ifadələri normal qəbul edirlərsə, demək ki, onlar sabah çəkinmədən sadə insanlarımızı da, onları qəbul etməyənləri də mənəvi terrora məruz qoyacaq, təhqir edəcəklər.

Milli Şuradan hadisəyə aidiyyatı olmayan 2 nəfərin istefa verməsi qurumu iflas olmaqdan xilas etməyəcək. Hətta Sevinc Osmanqızının da hər gün canlı yayımda Milli Şuranı tərifləməsi, pafoslu cümlələr səsləndirməsi belə Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi düşmənləri ictimaiyyətin qəzəbindən xilas edə bilməyəcək.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş