Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur



Newscenter.az.2.06.2020. Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.

Bu barədə Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, söhbət uzunluğu 11 km olan yerli əhəmiyyətli Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolundan gedir.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Kürkənd yaşayış məntəqəsində yol əsası tam hazır olduğu üçün yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb və bu çərçivədə artıq 3 km-lik işlər yekunlaşdırılıb. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 586 paqon-metr uzunluğunda 55 metal və dəmir-beton suötürücü borular quraşdırılıb, 1 dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-tikinti işləri görülüb. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə yenidən qurulub. Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 4 avtobus dayanacağının tikintisi, 22 km göstəricinin, 68 yol nişanı və məlumatverici lövhələrin, 210 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Anar
Xəbəri paylaş