Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Bərdəyə hücumu soyqırım cinayəti kimi də tövsif edilə bilər



Newscenter.az.7.11.2020. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz və digər beynəlxalq cinayətləri davam edir. Erməni hərbi-siyasi rəhbərliyinin əmri ilə 2020-ilin oktyabrın 27 və 28-də Ermənistanın Bərdə şəhərində xüsusi amansızlıqla növbəti ən ağır beynəlxalq cinayətlər törədilib. Daha geniş miqyasda sentyabrın 28-də törədilmiş bu vəhşi cinayət nəticəsində qadınlar, yaşlı şəxslər də daxil olmaqla 21 nəfər həlak oldu, 70-ə yaxın şəxs yaralandı. Ondan bir gün əvvəl yəni oktyabrın 27-də Bərdənin Qarayusifli kəndində də analoji cinayət hadisəsi baş verib. Nəticədə beş nəfər, o cümlədən yeddi yaşlı qız həlak olub, çoxlu sayda yaralananlar olub.

Ermənistanın Bərdədə törətdiyi cinayətlər birabaşa sülh və insanlıq əleyhinə cinayətlərdir. Əlbəttə, kriminal niyyətdən asılı olaraq bu hadisələri bir deyil, bir neçə beynəlxalq cinayət tərkibi üzrə tövsif etmək mümkündür. Milli səviyyədə faktla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanılıb. Bərdədə baş verən cinayətlərin geniş əhatəliliyi və sistematiklyini nəzərə alsaq, bunu ilk növbədə insanlıq əleyhinə cinayətlər kimi tövsif etmək olar. İnsanlıq əleyhinə cinayətlər həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bərdədə 21 nəfər şəxsin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistematik adamaöldürmə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinin 2(a) bəndinə görə, “adamöldürmə” – dövlətin və ya təşkilatın bu cür hücumun törədilməsinəyönəlmiş siyasətinin həyata keçirilməsi və ya bu cür siyasətə kömək məqsədilə hər hansı mülki şəxsə tətbiq olunan əməllərin çox sayda törədilməsi ilə əlaqədar davamlı hərəkətlərini özündə ehtiva edir. Göründüyü kimi, bu əməllər Ermənistan dövləti tərəfindən onların təcavüzkar siyasətinin həyata keçirilməsi məqsədilə məhz mülki əhaliyə qarşı yönəlib və çoxlu sayda insanların öldürülməsi ilə sistematik olaraq törədilib. Həmçinin, bundan əvvəl eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində törədilmişdi.

Qeyd edək ki, Baş prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Həm də Bərdədə baş verən cinayətlər müharibə dövründə və hərbi əməliyalar gedən zonadan kənar baş verir, hədəf olaraq mülki şəxslər və mülki obyektlər seçilir…

Bəli, bu cox önəmli elementdir. Bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Bu hüquqazidd hərəkətlər Müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyasının 147-ci, beynəlxalq xarakterli silahlı münaqişələrə dair I Əlavə Protokolun 11-ci və 85-ci maddələrinin və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinin pozuntusudur. Xüsusən BCM-in 8-ci maddənin 1-ci bəndində göstərilir ki, məhkəmə müharibə cinayətlərinə münasibətdə xüsusən, onlar plan, yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı törədilməsi zamanı yurisdiksiyaya malikdir. Eyni zamanda, Bərdəyə olan raket hücümü silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozduğu üçün Azərbaycan CM-nin 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə) və 116.0.10-cu maddəsi ilə (mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə) cinayət işinin qaldırılması da mümkündür.

Ermənistanın bütün bu cinayətləri onların davam edən silahlı təcavüz cinayətinin fonunda və bilavasitə təcavüzkar siyasət və planlarının tərkib hissəsi olaraq baş verir. Ona görə də, ermənilərin Bərdə cinayətləri Ermənistanın hərbi təcavüz cinayətinin tərkib hissəsi də hesab edilməlidir. Çünki, burada Təcavüzün tərifi haqqında 1974-cü il 3314 saylı Qətnaməsində və Cinayət Məhkəməsinin Statutunun (baxmayaraq ki, Azərbaycan Respublikası bu sənədi ratifikasiya etməyib, lakin beynəlxalq hüquq baxımından yanaşsaq bu müddəalar mühüm əhəmiyyət kəsb edir) 8bis maddəsində göstərilən əlamətlər mövcuddur və Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə qəsd edilir. Bu səbəbdən prokurorluq tərəfindən Bərdəyə edilən raket hücümünun təcavüz kimi dəyərləndirilməsi və CM-nin 100.2-ci maddə (təcavüzkar müharibəni aparma) ilə cinayət işinin başlanması təqdirəlayiqdir.

Həmçinin, nəzərə alsaq ki, ermənilərin niyyəti məhz türk milli kimliyinin, Azərbaycan xalqının bir xalq olaraq kütləvi şəkildə məhv edilməsinə yönəlib, onların dövlət siyasəti məhz etnik təmizləmə elementinə köklənib, o zaman tam mənada demək olar ki, bu soyqırımı cinayətidir. Baxmayaraq ki, prokurorluq CM-nin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, lakin bu əməllər CM-nin 103-cü maddəsinin də əlamətlərini özündə ehtiva etdiyi üçün, xüsusən Bərdədə yaşayan azərbaycanlı milli qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onların öldürülməsi, sağlamlığına ağır zərər vurma niyyəti daşıdığı üçün soyqırım cinayəti kimi də tövsif edilə bilər.

Tam qətiyyətlə deyə bilərik ki, Ermənistanın cinayətkar qurum kimi və erməni hərbi-siyasi rəhbərliyinin fərdlər olaraq tərətdiyi bu cinayətlər geniş mənada sülh və insanlıq əleyhinə cinayətlərdir və onların tərkibinə həm silahlı təcavüz, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər aiddir. Ona görə də bu kompleks cinayətlərə görə həm universal cinayət yurisdiksiyası kontekstində (xüsusilə prokurorluq tərəfindən qaldırılan cinayət işləri əsasında) milli məhkəmələr tərəfindən CPM-nin 311.2-ci maddəsinə əsasən qiyabi məhkəmə baxışının həyata keçirilməsi, həm də beynəlxalq hüquq normaları əsasında ad hoc qaydasında hərbi tribunalın yaradılması mümkündür.

Hüquqşünas Əli İbrahimov
Xəbəri paylaş