Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan böyük enerji layihələrini uğurla icra edir

Azərbaycan böyük enerji  layihələrini uğurla icra edir



Bakı Enerji Həftəsi keçmişin təcrübəsi, gələcəyin hədəfləri.
Regionun ən böyük sənaye hadisəsi hesab olunan və hər il dünya enerji elitasını bir araya toplayan “Baku Energy Week” bu gün qapılarını 31-ci dəfə iştirakçıların üzünə açır. Fəaliyyət göstərdiyi dövr ərzində bu tədbir həm yerli, həm də qlobal miqyasda nüfuzlu bir enerji platformasına çevrilərək, beynəlxalq təqvimin ən çox gözlənilən əsas hadisələrindən biri olmağı bacarıb.
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” öz işinə başlayıb. Enerji sektorunun ən nüfuzlu nümayəndələrinin iştirak etdiyi bu platforma Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında artan rolunu, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələri və yaşıl enerji sahəsində həyata keçirdiyi strateji hədəfləri bir daha nümayiş etdirir. Həmçinin enerji sənayesinin müxtəlif istiqamətlərini əhatə edən sərgi və forumlar təşkil olunur, qlobal enerji bazarının aktual məsələləri, yeni əməkdaşlıq imkanları və gələcək inkişaf perspektivləri geniş müzakirə edilir.
Onuda vurğulamaq istərdim ki, Azərbaycanın enerji sahəsində qazandığı uğurların əsası məhz 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Sonrakı dövrdə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq enerji bazarının etibarlı iştirakçısına çevrilib, neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün mühüm enerji dəhlizləri yaradılıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrin həyata keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu daha da gücləndirib. Bu gün ölkəmiz təkcə enerji resurslarının ixracatçısı deyil, həm də Avropanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətinin davamlı inkişaf və gələcəyə hesablanmış strateji hədəflər üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Aynur Quliyeva
Xəbəri paylaş