
Dünən "Masdar" şirkətinin biznes və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı müxtəlif ölkələrin enerji sistemlərinin inteqrasiyası üçün 3 əsas şərti açıqlayıb.
Onun fikrinə görə bunlardan birincisi siyasi konsensus, ikincisi kommersiya və maliyyə modeli, üçüncüsü isə texniki və şəbəkə planlaşdırılmasıdır.
Bunları inkar etmək olmaz, həqiqətən də vacib şərtlərdir. Amma bunlar daha çox layihənin tikilməsi və işə salınması üçün lazım olan şərtlərdir. Prosesin davamlı olması üçün isə bu 3 şərt yetərli deyil.
Hesab edirəm ki, dördüncü və ən azı onlar qədər vacib olan şərt etimad və qarşılıqlı asılılıq risklərinin idarə olunmasıdır.
Çünki enerji sistemi adi ticarət deyil. Bir ölkə enerji təhlükəsizliyinin bir hissəsini başqa ölkələrin davranışından asılı vəziyyətə gətirir. Bu da strateji təhlükəsizlik məsələsi deməkdir.
Buna görə də iştirakçı ölkələr arasında uzunmüddətli etimad və öhdəliklərə sadiqlik yoxdursa, ən mükəmməl enerji dəhlizi belə gözlənilən nəticəni vermir.
Təsəvvür edək ki, siyasi konsensus var. Maliyyə modeli də qurulub. Həmçinin texniki infrastruktur da hazırdır. İnteqrasiya təmin edilir, hamı sevinir. Amma bir neçə ildən sonra ölkələrdən biri ixracı məhdudlaşdırır, tranzit ölkə tarifləri dəyişir, regional gərginlik yaranır və enerji milli təhlükəsizlik alətinə çevrilir.
Deməli, ilk 3 şərt yerinə yetirilsə belə, sistem səmərəli işləməyə bilir. Avropanın son illərdə qaz təchizatı ilə bağlı yaşadığı təcrübə bunu göstərdi. Texniki imkan və kommersiya müqavilələri mövcud idi, lakin tərəflərdən birinin davranışları sistemi alt-üst etdi.
Hesab edirəm ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə, yəni etibarlı tərəfdaş olmaq və götürdüyü öhdəliklərə sadiq qalmaq prinsipinə daim əməl etməsidir. Məhz bunun nəticəsidir ki, ölkəmiz həm ərəb dövlətlərinin, həm Avropa ölkələrinin, həm də Mərkəzi Asiya dövlətlərinin etimad göstərdiyi ən etibarlı tərəfdaşlardan birinə çevrilib.
Eldəniz Əmirov, iqtisadçı












































