ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlərimiz və qazilərimizin qanına bulaşmış torpaqlarımıza korrupsiya və rüşvəti buraxmamalıyıq

13-01-2021, 14:32



Newscenter.az.13.01.2021. Cəmiyyətimizdə yanacağın qiymətinin artması (xüsusilə də, dizelin) və ondan dolayı qiymət artımlarının olacağı ilə bağlı ciddi narahatlıq var. Bu təbiidir və hər nə qədər dövlət süni qiymət artımı ilə mübarizə tədbirləri görsə də, təbii qiymət artımı baş verir və verəcəkdir.

Əvvəlki fikirlərimizdə bu artımın zamanlama baxımından uğursuz olduğunu qeyd etsək də, ümumilikdə bu prosesin qarşısının alınmasının qeyri-mümkünlüyünü də, vurğulamaq lazımdır. Ancaq, ötən ilin martından başlayaraq pandemiya dövrü, sonradan isə müharibə, dövlətimizlə yanaşı, hər bir insanımızın da həyatında çox ciddi çətinliklər yaratmışdır.

Dövlətin bu ilki büdcəsində maaşların, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərində artımlar nəzərdə tutulsa da, bu bütün insanlarımızı əhatə etməyəcəkdir. Çünki, heç birimizdən gizlin deyil ki, pandemiya ilə bağlı zəruri tədbirlər işsiz vətəndaşlarımızın sayının artmasına çox böyük təsir göstərib.

Bu məsələnin həllində ən böyük rolu oynayacaq amil, işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı tikinti və bərpa işlərinin aparılması olacaqdır. Ötən on, on beş il ərzində Bakı şəhərindəki tikinti bumundan daha böyük tikinti işlərinin gedəcəyi məlumdur. Ölkənin 20% ərazisinin tam bərpası faktı özü-özlüyündə buna izah gətirir. Məhz bu səbəbdən də, dövlətimiz bu prosesin maksimum tez bir zamanda başlanılması üçün ərazilərin minalardan və terrorçulardan təmizlənməsini sürətləndirməkdədir.

Məlumdur ki, geniş miqyasılı tikinti işlərinin aparılması ilə bağlı, həmin ərazilərdə çoxlu sayda iş yerləri açılacaq və on minlərlə ailəyə qazanc gələcəkdir. Ancaq hər bir halda çox qısa zamanda başlanılacaq bu prosesə də, ciddi nəzarət olunmalıdır. Həmin prosesdə qanunsuzluqların qarşısı alınmalı və maksimum sayda öz vətəndaşlarımız ora cəlb olunmalıdır.

Eyni zamanda, görünür ki, korrupsiya ilə mübarizə tədbirləri daha da genişləndiriləcək və sərtləşdiriləcək. Ən azından, müqəddəs şəhidlik və qazilik dərəcələrinə yüksəlmiş igid övladlarımızın qanına bulaşmış azad edilmiş torpaqlarımıza korrupsiyanın və rüşvətin ayaq açmasına ciddi şəkildə mane olmalıyıq.

Uca Tanrı xalqımızı və dövlətimizi qorusun və bu son çətinliklərdən də, qalib çıxmağı bizə nəsib etsin!

Xəyal Bəşirov-siyasi ekspert

Oxşar xəbərlər
SON XƏBƏRLƏR