Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını göstərdi:"



Newscenter.az.20.01.2021. “Qanlı Yanvar faciəsi qurbanlarının simasında I Qarabağ savaşında, eləcə də 44 günlük Vətən Müharibəsində dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayıram. Vətən uğrunda bu günədək canından keçən bütün igidlərimizin və günahsız soydaşlarımızın ruhu şaddır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi:

"Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm hadisə oldu".

Deputat qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət quruculuğu siyasəti nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu:

"Beləliklə, 30 ildən sonra biz Şəhidlər Xiyabanına fəxr hissi və Qələbə müjdəsi ilə gedirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı, onların qisası alındı”.

Anar
Xəbəri paylaş