Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Ailə-məişət problemləri fonunda baş verən​ intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında görürəm"

Jalə Əhmədova: "Ailə-məişət problemləri fonunda baş verən​ intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında görürəm"

Newscenter.az.23.02.2021. Milli Məclisin deputatı Jalə Əhmədova parlamentin bu günkü plenar iclası zamanı ictimai nəqliyyatdakı sıxlıq, metropolitenin fəaliyyətinin bərpası məsələsi və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

Newscenter.az-ın xəbərinə görə, deputat qeyd edib ki,​ 2020-ci ilin əvvəlindən bütün dünyanı bürüyən​ “COVİD 19”la mübarizə tədbirləri, dünya ölkələri ilə yanaşı, Azərbaycanda da hələ davam edir. Onun sözlərinə görə, ölkəmizdə virusa yoluxmanın təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarların vətəndaşlarımızın mənafeyinə hesablandığını, məhz dövlət başçımızın vaxtında qəbul etdiyi qərarların nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endiyini qeyd etməliyəm:

"Yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi də mərhələli şəkildə, getdikcə​ yumşaldılır. Lakin bu yumşalma fonunda ​ insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluq problemidir. Doğrudur, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir. Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn, vətəndaş işə gəlmək üçün Neftçilər deyilən ərazidən Elmlər Akademiyası tərəfə gəlmək üçün 2 saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq".

Jalə Əhmədova son zamanlar baş verən intiharlara da toxunub: "Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən​ intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediadan bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim".

NEWSCENTER.AZ
Xəbəri paylaş