Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri olub



Newscenter.az.30.04.2021. Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür. Xüsusi Təyinatlı Qüvvələri 1999-cu ilin aprel ayının 30-u Müdafiə Nazirliyi nəzdində qurulmuşdur. O, zamanlar bəlkə də heç kimin ağlına belə gəlməzdir ki, 2-ci Qarabağ – Vətən Müharibəsinin ən önəmli qələbələrini məhz elə bu güvvələr reallaşdıracaqdır. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Hər il Azərbaycan və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin iştrakı ilə birgə təlimlər keçirilir. Bizim mərd oğullarımızdan formalaşan XTQ, dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Yeniyetmələrə günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Qarabağ cəbhəsində son illərdə həyata keçirdiyi əməliyyatlarda Ermənistan ordusu ağır tələfatlara uğradılıb. Düşmənin çox sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Lakin düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə olaraq 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördülər. Düşünürəm ki, bu döyüşlərdən sonra düşmənlərimizin canını və ruhunu kəskin qorxu bürümüşdü. Elə bu səbəbdən də 2-ci Qarabağ – Vətən Müharibəsi zamanı igid əsgərlərimizin hücumları zamanı silah-sürsatlarını qoyub qaçırdılar. 2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Bu gün də Şuşa əməliyyatı dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində araşdırılır. Ümumiyyətlə, müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir. XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanıdır. O, 2016-cı ilin “Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub. Ümumilikdə isə XTQ-nin 36 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.

Sonda demək istərdim ki, biz sizi şəxsən tanımasaqda hər birinizə canımızla, qanımızla borcluyuq. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. XTQ-nin bütün şəhidlərinə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Sağ qalan qəhrəmanlarımıza isə ən yaxşısını arzu edirəm, çünki siz hər şeyin ən yaxşısına layiqsiniz. Sizin kimi mərd oğulların adı Azərbaycan tarixinə əbədi yazıldı!

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş