Newscenter.az.21.01.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin, təhsil ekspertlərinin iştirakı ilə mediatur təşkil olunub. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, KİV nümayəndələri, təhsil ekspertləri Aİİ rektoru Ceyhun Məmmədovla görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdikləri üçün səmimi təşəkkürünü bildirib.
İnstitut rəhbəri tədris prosesi və beynəlxalq əlaqələr, tədris olunan dillər, həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, media mənsubları ilə İnstitut arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, İnstitutda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apelyasiya komissiyası yaradılıb.
Daha sonra media nümayəndələri imtahan keçirilən otaqlarda olub, prosesi izləyiblər. KİV təmsilçiləri və təhsil ekspertlərinə imtahan prosesi barədə məlumat verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
KİV təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahan prosesində obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir.
Qeyd edək ki, Aİİ rektoru Ceyhun Məmmədov istər tədris, istərsə də imtahan prosesində tələbələrin problemlərini birbaşa və ya sosial şəbəkələr vasitəsilə dinləyir, təklif və şikayətlər qəbul olunur. Qərarlar dərhal qəbul edilir, tələbələrin haqlı mövqeləri müdafiə olunur.
Məlumat üçün bildiririk ki, imtahan prosesi 30 yanvar 2019-cu ilədək davam edəcək.