Newscenter.az.23.01.2019. “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Azərbaycan-Ukrayna” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri iqtisad elmləri doktoru, professor Rüfət Quliyevlə Milli Məclisdə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı E.Məmmədov alyansın fəaliyyət istiqamətləri, Ukraynanın kurort şəhəri olan Şatskidə alyansın regional filialının açılması, həmçinin alyans tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə və Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə poçt markalarının buraxılması barədə ətraflı məlumat verilibdir.
Deputat Rüfət Quliyev görüşdən məmnunluğunu bildirərək, qeyd edib ki, Ukrayna Azərbaycanın strateji partnyorudur və bu 2 ölkə arasında əlaqələr hər sahədə inkişaf edir. Bu dinamik inkişafı daha da genişləndirmək və tarixi dostluğumuzu möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır.
R. Quliyev vurğulayıb ki, bu il Ukraynada parlament seçkiləri keçiriləcək. Hamılıqla çalışıb ona nail olmalıyıq ki, bu seçkilərdə ən azı bir nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı Ali Radanın deputatı seçilsin. Bunun üçün hamımız bütün imkan və vasitələrimizi səfərbər etməliyik. Bu, bizim üçün çox vacibdir və bu işdə alyansın təsirinə böyük ümid bəsləyirik.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.