2024-cü ilin 07 may tarixində İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi səhifəsində, ölkənin aparıcı “Əl-Rəy”, “Əl-Dustur” və “Əl-Ənbat” hökumət qəzetlərinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.ammonnews.com, www.johinanews.com, www.alsaa.net, www.nbnjo.com, www.nayrouz.com, jordanzad.com, orobanews.com və www.alordoon.com elektron xəbər portallarında Səfirlik tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Azərbaycan Səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümünü qeyd edir” başlıqlı məqalələr dərc edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat yolu və ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında dahi şəxsiyyətin əvəzsiz xidmətləri, düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında ümummilli liderimizin əzmkar fəaliyyəti barədə məlumatlar əks olunub.
Məlumatda ümummilli lider Heydər Əliyevin 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəldiyi, 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkildiyi haqqında bəhs edilir. Yazıda 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi və SSRİ-nin rəhbərlərindən biri olduğu qeyd olunur.
1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələninin əsasını qoydu. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Məqalədə, həmçinin Dağlıq Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün bütün səylərini cəmləşdirən Heydər Əliyev danışıqlar prosesində və bütün beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırılması üçün yorulmadan çalışdığı vurğulanır. 1994-cü il dekabr ayında İƏT-in Kasablankada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə İordaniya Haşimilər Krallığının Kralı Hüseyn bin Talal arasında tarixi görüş iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin təməlini qoyub.
Bundan əlavə, məqalədə müstəqil Azərbaycanın qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolu, xaricdə yaşayan azərbaycanlılara böyük qayğı ilə yanaşması və onların problemlərini hər zaman diqqət mərkəzində saxlaması, o cümlədən dünyada Azərbaycan diasporunun gücləndirilməsi və inkişaf etdirilməsi sahəsində ümummilli liderin fəaliyyəti barədə məlumatlar əks olunub, dövlət quruculuğunun bütün sahələrində ulu öndərin uzaqgörən siyasətinin ardıcıllığı, ümummilli liderin siyasi xətti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.