Newscenter.az.24.01.2019. "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək. Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, 2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır. Çünki Bakı metropoliteninin özünəməxsus xüsusiyyətləri insan kapitalına fərqli yanaşma tələb edir. Bu mənada mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur.
Görülən işlər çərçivəsində divar, döşəmə örtüyünün üzlənməsi işləri başa çatmaqdadır. Xidməti və tədris otaqları daha yüksək standartların tələblərinə müvafiq olaraq təmir edilir. Binada yanğın təhlükəsizliyinin, mikroiqlim şəraiti də ən yüksək tələblər səviyyəsində olacaq. Girişdən çıxışa qədər simasını tam dəyişməkdə olan mərkəzin yardımçı otaqlarının yerləşdiyi orta sahədə metropolitenin xidmət və struktur vahidlərinin fəaliyyətini əks etdirən bölmələr yerləşdiriləcək.
Metro vaqonlarından ibarət qatarı xatırladan 8 iri bölmənin hər guşəsində metropolitenin istismar və tikinti nailiyyətlərini, texnoloji prosesləri ardıcıllıqla nümayiş etdirən fotostendlər, monitorlarda təqdim edilən videoçarxlar, sxematik təsvirlər və digər əyani vasitələr yer alacaq.