Newscenter.az.22.02.2019. “İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 7 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində “Qadın hüquqları – insan hüquqları” mübadilə proqramında iştirak edirlər.
Newscenter.az xəbər verir ki, Erasmus+ proqramı çərçivəsində keçirilən, Avropa Komissiyası və Türkiyə Gənclər Şurasının maddi dəstəyi ilə baş tutan layihənin mövzusu müxtəlif cəmiyyətlərdə, dinlərdə qadın hüquqları və qadınların cəmiyyətdəki rolu olub.
Layihə çərçivəsində qadınların fərqli ölkələrdə, cəmiyyətlərdə və dinlərdə üzləşdiyi problemlər nələrdir və onları necə həll etmək olar? istiqamətində müzakirələr baş tutub.
Qeyd edək ki, “İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi nümayiş ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edən “İrəli” İctimai Birliyinin gənc fəalları İngiltərə, Türkiyə, Litva, Gürcüstan və azərbaycanlı gənclərin iştirak etdiyi layihədə layihə iştirakçılarını Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında məlumatlandırıblar. Layihə çərçivəsində digər şəhərlərə də səyahət nəzərdə tutulub. Layihə 7 gün müddətində davam edəcək.