Newscenter.az.1.05.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya səfər çərçivəsində İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu (ISTAC) ziyarət edib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ nümayəndə heyətinə ziyarət zamanı ISTAC haqqında ətraflı məlumat verilib. İnstitutda təkcə Malayziya tarixi və mədəniyyətinin deyil, eyni zamanda, İslam tarixi və mədəniyyətinə aid materialların da araşdırıldığı qeyd olunub.
ISTAC-ın nəzdində fəaliyyət göstərən Seyid Məhəmməd Naqib əl-Attas kitabxanasını ziyarət zamanı Aİİ nümayəndə heyəti burada mövcud əlyazmaları ilə tanış olub. Dünyanın bir çox ölkələrindən olan nadir əlyazmalarının toplandığı kitabxana özünəməxsusluğu ilə seçilir. Kitabxanada saxlanılan qədim əlyazmalarının toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verilib. Qeyd olunub ki, İslam dünyasının milli sərvəti sayılan əlyazmalarının tədqiq edilərək gələcək nəsillərə çatdırılması işi uğurla həyata keçirilir.
Görüş zamanı əlyazmalarının birlikdə tədqiqi, mühüm tarixi sənədlərin arxiv və kitabxanalardan əldə edilərək, elmi araşdırmalara cəlb olunmasının zəruriliyi vurğulanıb. Səfər çərçivəsində Aİİ-nin nümayəndə heyəti Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyini ziyarət edərək, səfir Qaley Allahverdiyevlə görüşüb.