Newscenter.az.1.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin keçirilmə vaxtı və yeri açıqlanıb.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, imtahanlar 6-11 may 2019-cu il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. “Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında keçiriləcək.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 934 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 2 647 namizədin müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib.
I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
R.Mehdiyeva