Newscenter.az.3.05.2019. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Mərkəzi Baytarlıq Laboratoriyasının (CVRL) dəvəti ilə baş tutan səfərin məqsədi BƏƏ-də dəvəçiliklə bağlı mövcud təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivlərinin araşdırılması olub.
Səfər çərçivəsində nümayəndə heyətinə laboratoriyanın fəaliyyəti, dəvəçiliklə bağlı elmi-praktiki təcrübələr və həyata keçirilən layihələr haqqında məlumat verilib. Daha sonra “Azəraqrar”ın nümayəndə heyəti Dubay Dəvəçilik Xəstəxanasında dəvələrin müayinə və əməliyyat prosesləri ilə tanış olub.
“Camelicious” şirkətinə məxsus fermanı ziyarət edən nümayəndə heyətinə dəvələrin saxlanılma şəraiti, dəvə südündən həm ölkədaxili, həm də ixrac yönümlü məhsulların hazırlanması prosesləri, südlük, ətlik və yarış istiqamətli dəvə cinsləri ilə bağlı geniş məlumat verilib.Şirkət nümayəndələrinə dünyada dəvə südü məhsullarına artan tələbat və bu sahənin perspektivləri barədə təqdimat edilib.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndələri də öz növbəsində şirkətin balansında olan “Qobu” Damazlıq Dəvəçilik təsərrüfatı barədə məlumat verib. Bildirilib ki, təsərrüfatda 85 ikihörgüçlü dəvə cinsləri saxlanılır. Azərbaycanda mövcud dəvəçilik ənənələrinin davam etdirilməsi və ölkəmizdə bu sahəni inkişaf etdirmək niyyəti BƏƏ şirkətinin mütəxəssislərinin diqqətinə çatdırılıb.
Sonda şirkət nümayəndələri Azərbaycanla dəvəçilik sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.
Orxan