Newscenter.az.4.05.2019. "Azərbaycan müstəqillik qazanmasından keçən 28 ilə yaxın müddət ərzində çox mürəkkəb, enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə dolu yol qət edib. Bizi sevindirən odur ki, xalqımız bu yolu mətanətlə keçərək öz ayaqları üzərində durmağı bacarıb, dövlətimiz güclənib, ölkədə tam sabitlik, asayiş təmin edilib, iqtisadiyyatımız yüksəlib, sosial sahədə ciddi islahatlar aparılıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, olduqca çətin bir regionda yerləşən Azərbaycan müstəqil xarici siyasət həyata keçirir: “Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik bizim uğurlarımızın əsas şərtidir. Bu gəlişigözəl sözlər deyil, reallıqdır. Düzdür, bu reallığı qəbul etməyən, onu hər fürsətdə inkar edən qüvvələr də var. Zənnimcə, bunun başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos dövründən bugünkü inkişaf etmiş Azərbaycana miras qalmış bu qaragüruhçu müxalifətin reallıq hissini itirməsidir. Bu insanlar real həyatda özlərini belə görə bilmirlər, buna görə də yalnız virtual aləmdə müəyyən sığınacaq tapıblar. Təbii olaraq, belə insanlardan mövcud vəziyyətə düzgün qiymət verməyi tələb etməyin də mənası yoxdur. Lakin sadə bir təhlil deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə də bilərdi, iqtisadi cəhətdən başqa dövlətlərdən tam asılı, borc içərisində boğulan dövlətə də çevrilə bilərdi. Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil dərk etməlidir”.
F.Ələsgərov qeyd edib ki, əsas vəzifə dövləti daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyi daha da möhkəmlətməkdir: “Prezident İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq”.