Newscenter.az.6.05.2019. Pakistan İslam Respublikasının Sialkot Universitetinin təsisçisi Muhammad Rehan Younas və direktoru Faisal Manzoor Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov AzTU-nun tarixi, keçdiyi inkişaf yolu, fakültələri, ixtisasları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Görüşdə eyni zamanda Azərbaycan və Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrindən danışılıb və hər iki ölkənin təhsil meyarları, gələcək əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə edilib.
Daha sonra qonaqlar Sialkot Universiteti haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, kompüter, informatika və metallurgiya mühəndisliyi sahəsində hər iki universitetdə eyniprofilli ixtisaslar tədris olunur.
Rektorla görüşdən sonra qonaqlar Beynəlxalq əlaqələr departamentində AzTU-da təhsil alan pakistanlı tələbələrlə görüşüb, onların təhsil və sosial həyatları ilə maraqlanıb, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra hər iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elm, təhsil sahəsində əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, birgə layihələrin, konfransların həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Daha sonra qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub və xatirə kitabına ürək sözlərini yazıblar.