Newscenter.az.6.05.2019. Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.
Newscenter.az xəbər verir ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilən imtahanlara ilk olaraq laborant vəzifəsinə işə qəbul üzrə namizədlər cəlb olunub. Laborant vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 570 nəfər iştirak edib.
Müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.
Laborant vəzifəsinə işə qəbul imtahanı mayın 7-də də davam edəcək. Həmçinin mayın 7-də kitabxanaçı, 8-də uşaq birliyi təşkilatı rəhbəri, 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.
Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
R.Mehdiyeva