Newscenter.az.8.05.2019. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının (AzMİU) Ümummilli lider heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbədənkənar iclası keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Elmi Şura üzvləri əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclası giriş nitqi ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıb, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur.
Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə ulu öndərin Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlərdən, aparılan islahatlardan danışıb. Bildirib ki, ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.